CƏMİYYƏT


Pandemiya dövrünün tələblərinə əməl olunması ilə bağlı mehmanxanalarda reydlər davam etdirilir

Bakı, 25 sentyabr, AZƏRTAC

Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş “Koronavirus (COVID-19) pandemiyası dövründə Azərbaycan Respublikasında mehmanxanaların fəaliyyətinin təşkili Qaydaları” əsasında Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA), Dövlət Turizm Agentliyi və digər aidiyyəti qurumların mütəxəssislərindən ibarət monitorinq qrupu tərəfindən mehmanxanalarda yoxlama nəzarət tədbirləri davam etdirilir.

AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, pandemiya dövrünün zəruri qayda və tələblərinə əməl olunmasına nəzarət məqsədilə sentyabrın 21-dən 24-dək xüsusi monitorinq qrupları tərəfindən 148 mehmanxanada reydlər keçirilib. Aparılan yoxlamalar zamanı, ümumilikdə, 128 obyektdə epidemiya əleyhinə, habelə COVID-19-un profilaktikasına dair zəruri qayda və tələblərin pozulduğu müəyyən edilib. Fəaliyyətində nöqsanlar aşkarlanmış mehmanxanalarla bağlı qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlər görülüb.

Həmçinin mehmanxana sahiblərinə və orada çalışan işçi heyətə koronavirus pandemiyası dövründə mehmanxanaların fəaliyyətinin təşkili ilə bağlı zəruri tələblər və qida təhlükəsizliyi sahəsində qanunvericiliyin tələbləri izah edilib, icrası məcburi göstərişlər və maarifləndirici tövsiyələr verilib.

Qeyd edək ki, aidiyyəti dövlət qurumları ilə birlikdə təşkil olunan monitorinq qrupları Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən mehmanxanalarda yoxlama-nəzarət tədbirlərini bundan sonra da davam etdirəcək və Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.