İDMAN
Paracüdo üzrə beynəlxalq Qran-Pri yarışlarında qadınların mübarizəsində finalçılar bəlli olub
Bakı, 13 may, AZƏRTAC
Bakıda keçirilən paracüdo üzrə beynəlxalq Qran-Pri yarışlarında qadınların mübarizəsində finalçılar bəlli olub.
AZƏRTAC xəbər verir ki, turnirdə 48 kiloqram çəki dərəcəsində çıxış edən millimizin üzvü Şahanə Hacıyev ilk mərhələdən azad olub. Dörddəbir finalda paracüdoçumuz özbəkistanlı Lobar Xürrəmovaya qalib gələrək yarımfinala yüksəlib. Ukraynalı Yuliya Halinskaya qalib gələn idmançımız qızıl medal uğrunda görüşə haqq qazanıb. Onun rəqibi çinli Liqinq Li olacaq.
Yarışda 52 kiloqram çəki dərəcəsində finalda ukraynalı Paralimpiya Oyunlarının qalibi İnna Çerniak və əlcəzairli Çerine Abdellaoui üz-üzə gələcəklər. Millimizin üzvləri Səbinə Abdullayeva və Bəsti Səfərova isə bürünc medal uğrunda görüşdə qarşılaşacaqlar.
Qran-Pri yarışlarında 57 kiloqram çəki dərəcəsində finalda Azərbaycan idmançıları üz-üzə gələcəklər. Belə ki, Paralimpiya Oyunlarının qalibi Afaq Sultanova və Sevda Vəliyeva həlledici görüşdə biri-birlərinə rəqib olublar.
Qeyd edək ki, Heydər Əliyev adına İdman Sarayında keçirilən yarışda 35 ölkədən 214 cüdoçu birincilik uğrunda mübarizə aparır. Turnirdə ölkəmizi 21 cüdoçu təmsil edir. Yarışa mayın 14-də yekun vurulacaq.
Qeyd edək ki, Qran-Pri “Tokio 2020” XVI Yay Paralimpiya Oyunlarına lisenziya xalları qazandırır.