İQTİSADİYYAT
Paraqvay televiziyasında Azərbaycanın nailiyyətlərindən danışılıb VİDEO
Vaşinqton, 18 oktyabr, AZƏRTAC
Paraqvay televiziyasının “Visio Pais” proqramında “Paraqvay iqtisadi forumu”nun təsisçisi Piter Teyzin paytaxt Asunsonda bu ölkədə logistikanın inkişafına həsr edilən sərgidə müsahibəsi yayımlanıb. O, Paraqvayın logistika potensialından və Cənubi Amerika ölkəsinin dünyanın digər dövlətləri ilə iqtisadi münasibətlərinin inkişafı məsələlərindən söhbət açıb.
P.Teyz Paraqvayın nəqliyyat industriyasında iqtisadi xidmətlərin inteqrasiyasından danışaraq qeyd edib ki, əgər bu sahənin inkişafı üzrə müvafiq metodlar tətbiq edilərsə Asunson nəqliyyat qovşağına çevrilə bilər. P.Teyz nəqliyyat industriyası və logistika xidmətlərinin inkişafında Azərbaycanın təcrübəsini nümunə göstərib. O, Paraqvayın ABŞ, habelə Azərbaycan da daxil olmaqla Xəzər regionu ölkələri ilə əməkdaşlığının vacibliyini qeyd edib.
P.Teyz vurğulayıb ki, Paraqvay da Azərbaycan kimi materikdaxili ölkədir. Odur ki, beynəlxalq dəniz və okeanlara birbaşa çıxışı olmadan sosial-iqtisadi inkişaf sahəsində Azərbaycanın təcrübəsini tətbiq etmək olar. Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra respublikanın tədricən nəqliyyat qovşağına çevrilməsi üçün müvafiq tədbirlər görüb. Bu, Azərbaycana nəinki öz məhsullarını ixrac etməyə, həm də başqa ölkələrin öz mallarını və xidmətlərini ən çatımlı iqtisadi dəhliz olan Azərbaycandan nəql etməyə əlverişli imkan yaradır.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton