İQTİSADİYYAT
“PaşaBank”ın Zaqatala rayonunda yeni biznes mərkəzi açılmışdır
Bakı, 25 iyun (AZƏRTAC). Azərbaycanın ən iri banklarından biri olan “PaşaBank” iyunun 25-də Zaqatala rayonunda yeni biznes mərkəzini açmışdır.
Bankdan AZƏRTAC-a bildirmişlər ki, mərkəz Zaqatala şəhərindəki F.Əmirov küçəsi, 57a ünvanında fəaliyyət göstərəcəkdir. Açılış mərasimində çıxış edən “PaşaBank”ın idarə heyətinin sədri Fərid Axundov demişdir ki, yeni biznes mərkəzi kiçik və orta sahibkarlarla tərəfdaşlığa xüsusi diqqət yetirəcəkdir. Mərkəz Zaqatala ilə yanaşı, şimal-qərb regionunda fəaliyyət göstərən sahibkarlara maliyyə vasitələrindən istifadə imkanı yaradacaqdır.
PAŞA Bankın yeni regional mərkəzində kreditlərin verilməsi, hesablaşma-kassa əməliyyatlarının aparılması, hər cür kart xidmətləri, kapital bazarına çıxışın təmin olunması, depozitlərin cəlb edilməsi, ticarətin maliyyələşdirilməsi məsələlərinə dair məsləhət xidməti və digər korporativ bank xidmətləri göstəriləcəkdir.
Qeyd edək ki, PAŞA Bank Azərbaycanın aparıcı korporativ bankı olmaqla, sığorta və inşaat sektoru, turizm, eləcə də biznesin digər sahələrində geniş təmsil olunan PAŞA Şirkətlər Qrupunun bir hissəsidir.