MƏDƏNİYYƏT
Pavel Kuzmin: Gənclərimiz Azərbaycan ilə Rusiya arasında dostluğun nəyə əsaslandığını hiss etməlidirlər
Moskva, 3 dekabr, AZƏRTAC
Artıq 10 ildir ki, M.İ.Rudomino adına Xarici Ədəbiyyat Kitabxanasında Azərbaycan Mədəniyyət Mərkəzi fəaliyyət göstərir. Mən bizim münasibətlərimizi əməkdaşlıq deyil, dostluq adlandırardım. Bizdə qarşılıqlı hörmət, qarşılıqlı maraqlar elə yüksək səviyyədədir ki, biz çoxdan bəri özümüzü bir ailə kimi hiss edirik. Bu, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın çox böyük xidmətidir.
M.İ.Rudomino adına Xarici Ədəbiyyat Kitabxanasının baş direktoru Pavel Kuzmin bu fikirləri AZƏRTAC-a müsahibəsində söyləyib.
Baş direktor bu yaxınlarda Bakıda səfərdə olmasını xatırlayaraq deyib: “Möhtəşəm Heydər Əliyev Fondunda görüşümüz gözəl keçdi. Leyla xanımla çox yaxşı qarşılıqlı münasibətlərimiz var. O, bizim kitabxanada olub. Biz həm Heydər Əliyev Fondu ilə, həm də Azərbaycan Mədəniyyət Mərkəzi ilə geniş əməkdaşlıq proqramı hazırlamışıq”.
Kitabxananın rəhbəri daha sonra bildirib ki, Rusiya ilə Azərbaycan arasında münasibətlər həmişə qarşılıqlı anlaşma, qarşılıqlı hörmət və dostluq xarakteri daşıyıb. Bizim vəzifəmiz bu təşəbbüsləri dəstəkləmək, birgə proqramlar, birgə təşəbbüslər yaratmaqdır.
Agentliyin müsahibi vurğulayıb: “Bizim kitabxana gənc nəslin nümayəndələri arasında dostluq münasibətlərinin inkişafına xüsusi diqqət yetirir. Gənclərimiz Azərbaycan ilə Rusiya arasında dostluğun nəyə əsaslandığını hiss etməlidirlər”.
P.Kuzmin Azərbaycan tərəfi ilə birgə həyata keçiriləcək yeni layihə barədə də məlumat verib. O deyib: “Rusiya və Azərbaycan yazıçılarının və şairlərinin əsərləri əsasında müştərək bilinqval (ikidilli) nəşrlər yaratmaqdan söhbət gedir. Bu layihə çərçivəsində iki ölkənin müasir müəlliflərinin gənclər tərəfindən ən çox oxunan əsərləri Azərbaycan dilindən ruscaya və ruscadan Azərbaycan dilinə tərcümə ediləcək. Bu layihə gənc nəslin bu xalqların mədəniyyəti ilə daha yaxından tanış olmasına, həmçinin bir-birinin dillərini öyrənməyə kömək edəcək”.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva