CƏMİYYƏT
Paytaxt sakininin mobil telefonunu quldurluq yolu ilə alan şəxs saxlanılıb VİDEO
Bakı, 23 oktyabr, AZƏRTAC
Paytaxt sakini Eşqin Gülalıyev Nizami Rayon Polis İdarəsinin 25-ci polis şöbəsinə müraciət edərək Qara Qarayev prospekti 1 ünvanında tanımadığı şəxsin kəsici alətlə hədə-qorxu gələrək mobil telefonunu əlindən aldığını bildirib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, faktla bağlı 25-ci polis şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Cavanşir Bayramov saxlanılıb.
Faktla bağlı 25-ci polis şöbəsində toplanan material araşdırılması üçün Nizami Rayon Polis İdarəsinə göndərilib.
C.Bayramovun əməllərindən zərərçəkən başqa vətəndaşlar olarsa Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə, Nizami Rayon Polis İdarəsinə və ya 25-ci polis şöbəsinə müraciət edə bilərlər.