İQTİSADİYYAT
Paytaxtın Səbail rayonunda iri infrastruktur layihələri həyata keçirilir
Bakı, 29 aprel (AZƏRTAC). Səbail rayonu ərazisində həyat keçirilən mühüm infrastruktur layihələri cari ilin birinci rübündə də davam etdirilmişdir.
Hazırda rayon ərazisində Su İdmanı Sarayının, Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi üçün yeni binanın, “Alov qüllələri” kompleksinin, Bakı Oksford məktəbi üçün yeni tədris korpusunun, “Cənub” mehmanxanasının yerində 7 mərtəbəli yeni mehmanxananın tikintisi davam etdirilir.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildirmişlər ki, inşası davam etdirilən obyektlərin sırasında Qurban Abbasov küçəsindəki yeni İş mərkəzi, 20-ci sahə adlanan ərazidə Səbail Rayon Prokurorluğu üçün yeni inzibati bina, Əhəd Yaqubov küçəsində Müasir İstedadlar məktəbi üçün yeni idman və yataqxana kompleksləri, 9 nömrəli xəzinədarlıq idarəsi üçün yeni bina, Badamdar qəsəbəsində yeni xəstəxana, Əhəd Yaqubov küçəsində kütləvi informasiya vasitələri işçiləri üçün daha bir yeni bina da vardır.
Həmçinin Bayıl dairəsində genişmiqyaslı abadlıq işləri, Dənizkənarı Milli Parkın Bibiheybət qəsəbəsinə kimi genişləndirilməsi və burada yeni istirahət güşələrinin yaradılması istiqamətində tədbirlər görülür.