CƏMİYYƏT
Paytaxtın Yasamal rayonunda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan daha dörd nəfər saxlanılıb VİDEO
Bakı, 31 avqust, AZƏRTAC
Polis əməkdaşları Yasamal rayonunda narkotik vasitə, eləcə də psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin məsuliyyətə cəlb edilmələri istiqamətində növbəti əməliyyat tədbiri keçiriblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Yasamal rayonun müxtəlif ərazilərində narkotik vasitələrin və psixotrop maddələrin - metamfetaminin qanunsuz dövriyyəsi ilə məşğul olan daha 4 nəfər rayon polis idarəsinin 26-cı polis bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində tutulub.
Əməliyyatlar zamanı paytaxt sakinləri Ramiz Rzayev, Dəyanət Qurbanov, Vüqar İbrahimov və Rəşad Məmmədov saxlanılaraq istintaqa təqdim olunublar. Həmin şəxslərin üzərinə və evlərinə baxış zamanı külli miqdarda heroin, metamfetamin və elektron tərəzilər aşkarlanaraq götürülüb. Saxlanılan şəxslər izahatlarında metamfetamin və heroindən istifadə etməklə yanaşı, onların qanunsuz dövriyyəsi ilə məşğul olduqlarını da etiraf ediblər.
Faktlarla bağlı 26-cı polis bölməsində araşdırmalar davam etdirilir. Yasamal rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində polis əməkdaşları tərəfindən əməliyyatlar davam etdirilir.