CƏMİYYƏT


Pekində əcnəbi jurnalistlər üçün “Bir kəmər, bir yol” informasiya şəbəkəsi çərçivəsində ikinci tədris proqram-seminarı açılıb

Pekin, 22 oktyabr, Əziz Məmmədov, AZƏRTAC

Pekində əcnəbi jurnalistlər üçün “Bir kəmər, bir yol” informasiya şəbəkəsi çərçivəsində ikinci tədris proqram-seminarı açılıb. Tədbir Çin Xalq Respublikasının Dəftərxanasının təşkilatçılığı, “Bir kəmər, bir yol” informasiya şəbəkəsi (“Jenmin jibao” qəzetinin xarici əlaqələr və əməkdaşlıq üzrə redaksiyası) və Çin Kommunikasiya Universitetinin dəstəyi ilə təşkil olunub.

AZƏRTAC-ın Pekinə ezam olunmuş müxbiri xəbər verir ki, tədbirin açılış mərasimində 20 ölkədən (Azərbaycan, Belarus, Gürcüstan, Rusiya, Ukrayna, Qazaxıstan, Misir və digərləri) 41 aparıcı media təşkilatının 43 redaktor və müxbiri iştirak edir.

“Jenmin jibao” qəzeti baş redaktorunun müavini Fan Tszyanşan informasiya şəbəkəsinin rəmzi bayrağını təqdim edib və onun fəaliyyətinin əsas istiqamətlərindən danışıb.

Seminar iştirakçıları – “Veçerni Bişkek” qəzeti baş redaktorunun müavini Nina Niçiporova və “Oman Establishment for Press” korporasiyasının baş redaktor müavini Hamud Al-Mahrezi öz çıxışlarında qeyd ediblər ki, sentyabrın 16-29-da təşkil olunan birinci proqram-seminar uğurla keçib. Diqqətə çatdırılıb ki, Latın Amerikası və Afrikadan olan 50 redaktor və jurnalist müxtəlif tədbirlərdə iştirak edib və ölkənin görməli yerləri ilə tanış olub.

“Yeni dövr, yeni konsepsiya, yeni KİV və yeni texnologiyalar” mövzusundakı hazırkı proqram Çin və xarici KİV-lər arasında əməkdaşlığı genişləndirməyə imkan verəcək. Pekində mütəxəssislər üçün mühazirələr təşkil ediləcək, onlar müxtəlif KİV-lərdə olacaq, tərəfdaşlarla təcrübə və əlaqə mübadiləsi aparılacaq, sonra iştirakçılar qrupu Qansu, Sıçuan, Şandun və Tszyansu vilayətlərinə yollanacaqlar. Burada media nümayəndələri “Bir kəmər, bir yol” təşəbbüsünün mahiyyəti və praktik əhəmiyyəti ilə dərindən və hərtərəfli tanış olacaq, Çinin müxtəlif sahələrdə əldə etdiyi nailiyyətləri öz gözləri ilə görəcək, media inteqrasiyasının yollarını və üsullarını birgə müzakirə edəcəklər.

Qeyd edək ki, “Bir kəmər, bir yol” informasiya şəbəkəsi müxtəlif xalqlar və mədəniyyətlər arasında mübadilələrin aparılmasına, həmçinin ölkələrin müxtəlif sahələrdə əməkdaşlığına kömək edir, qarşılıqlı hörmət, bərabərhüquqlu, könüllü və qarşılıqlı faydalı əsasda məsləhətləşmələrə şərait yaradır, həmçinin qlobal əməkdaşlığı, şəffaflığı və inklüzivliyi xarakterizə edən Böyük İpək Yolu ruhunu dəstəkləyir. İnformasiya şəbəkəsinin mənzil qərargahı Pekində yerləşir.

“Bir kəmər, bir yol” informasiya şəbəkəsi üzrə ikinci tədris proqram-seminarı noyabrın 3-də başa çatacaq.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.