ELM VƏ TƏHSİL
Peşə təhsili müəssisələri və işəgötürənlər arasında əməkdaşlıq əlaqələri genişlənir
Bakı, 23 yanvar, AZƏRTAC
“Qadın sahibkarların güzəştli maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi” mövzusunda tədbir keçirilib.
Peşə Təhsili üzrə Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, tədbir zamanı peşə təhsili müəssisələri və işəgötürənlər arasında birgə əməkdaşlığın qurulması məqsədilə işgüzar görüşlərin keçirilməsi, peşə təhsili müəssisələrində təhsil alan sağlamlıq imkanı məhdud olan gənclərin əl işlərinin “ABAD” (Ailə Biznesinə Asan Dəstək) tərəfindən satışının təşkil olunması və dəstək göstərilməsinə dair ilkin razılıq əldə edilib.
“Qadın sahibkarların güzəştli maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi” mövzusunda keçirilən tədbir çərçivəsində sərgi də təşkil olunub. Sərgidə Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin sağlamlıq imkanları məhdud tələbələri tərəfindən hazırlanan əl işlərini tədbir iştirakçıları böyük maraqla qarşılayıb və yüksək qiymətləndiriblər.