ELM VƏ TƏHSİL
Peşəkar mühasib sertifikatı almaq istəyən namizədlər üçün imtahanın II mərhələsi keçiriləcək
Bakı, 6 oktyabr, AZƏRTAC
Dövlət İmtahan Mərkəzi (DİM) oktyabrın 9-da peşəkar mühasib sertifikatı imtahanının II mərhələsini (qanunvericilik üzrə) keçirəcək.
DİM-dən AZƏRTAC-a bildirilib ki, imtahan vermək üçün 602 nəfər müraciət edib.
İmtahan bütün binalarda saat 11:00-da başlanacaq. Saat 10:45-dən sonra gələn namizədlər imtahan binasına buraxılmır. Namizəd imtahana özü ilə aşağıda qeyd olunan sənədləri gətirməlidir:
- şəxsiyyəti təsdiq edən sənəd (şəxsiyyət vəsiqəsi və ya ümumvətəndaş pasportu);
- imtahana buraxılış vərəqəsi.
Üç saat davam edəcək imtahanda namizədə seçdiyi peşəkar mühasib sertifikat növünə aid qanunvericilik üzrə 40 test tapşırığı təqdim olunacaq.
Namizədlər imtahana buraxılış vərəqəsini DİM-in saytından çap edə bilərlər. Həmin səhifədə imtahan iştirakçısının “Yaddaş kitabçası” da yerləşdirilib. DİM imtahan iştirakçılarından kitabça ilə mütləq tanış olmağı xahiş edir.
İmtahan kağız daşıyıcılar vasitəsilə Bakıda 3 binada təşkil olunacaq. İmtahanın keçirilməsi üçün 3 ümumi imtahan rəhbəri, 7 imtahan rəhbəri, 53 nəzarətçi müəllim, 7 buraxılış rejimi (mühafizə) əməkdaşı cəlb olunub.