İQTİSADİYYAT
“Peşəkar mühasiblərin beynəlxalq etika məcəlləsi” mövzusunda seminar keçirilib
Bakı, 14 fevral, AZƏRTAC
Auditorlar Palatası və Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasının (ARPA) birgə təşkilatçılığı ilə fevralın 14-də mühasiblər üçün peşə etikasının fundamental prinsipləri və davranış standartlarının tətbiqinə dair “Peşəkar mühasiblərin beynəlxalq etika məcəlləsi” mövzusunda seminar keçirilib.
AZƏRTAC xəbər verir ki, seminarı giriş sözləri ilə Auditorlar Palatası Aparatının rəhbəri Qəşəm Bayramov və Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasının idarə heyətinin sədri Günay Şahbazova açaraq seminarın əhəmiyyətindən danışıb və iştirakçılara tövsiyələrini veriblər. Bildirilib ki, seminarın məqsədi ölkəmizdə uğurla həyata keçirilən iqtisadi islahatlara dəstək verilməsi, şəffaflığın artırılması və hesabatlılığın yüksək səviyyədə qurulması, vergidən yayınma hallarının qarşısının alınması sahəsində qabaqcıl təcrübənin tətbiqi və bu sahədə sahibkarlara, iş adamlarına, müəssisə və təşkilatlara metodoloji dəstək göstərilməsidir.
Auditorlar Palatasının Maliyyə təminatı və xarici əlaqələr idarəsinin rəisi Vəli Rəhimov və Elm və auditor fəaliyyətinin metodoloji təminatı komitənin sədri Nəcəf Talibov ”Peşəkar Mühasiblərin Etika Məcəlləsi və məcəllənin 2016-cı il nəşrinin məzmununa edilmiş dəyişikliklər” və “Beynəlxalq Müstəqillik Standartları” mövzularında məruzə ilə çıxış ediblər.
Sonra mövzular üzrə geniş müzakirələr aparılıb.
Seminarda ölkədə fəaliyyət göstərən sahibkarlıq qurumlarının, müəssisə və təşkilatların 60-dək nümayəndəsi iştirak edib.