DÜNYA
“Pew Research Center” tədqiqat mərkəzi: avropalıları ən çox iqlim dəyişikliyi qorxudur
Riqa, 15 sentyabr, AZƏRTAC
İnkişaf etmiş ölkələrin sakinlərinin başlıca təhlükəli hesab etdikləri hadisələrin yer aldığı siyahıda ilk beşliyi - iqlim dəyişikliyi, yoluxucu xəstəliklərin yayılması, terror aktları, sərhəddən kiberhücumlar və nüvə silahlarının yayılması tutub.
AZƏRTAC Latviyanın yerli mətbuatına istinadla xəbər verir ki, bu haqda məlumat “Pew Research Center” tədqiqat mərkəzi tərəfindən aparılmış sorğunun nəticələrinə əsasən yayılıb.
Sorğuda Avstraliya, Belçika, İngiltərə, Kanada, Danimarka, Fransa, Almaniya, İtaliya, Yaponiya, Hollandiya, İspaniya, Cənubi Koreya, İsveç və ABŞ-ın 14,276 yetkin sakini iştirak edib.
Respondentlərin 70 faizi başlıca təhlükəli hadisələrin yer aldığı ilk beşliyə iqlim dəyişikliyini daxil ediblər. Sorğuda iştirak edənlərin 69 faizi pandemiya, 66 faizi terror aktları, 65 faizi digər ölkələrin kiberhücumları, 61 faizi nüvə silahlarının yayılmasından ehtiyat edir.
Araşdırmanın müəllifləri avropalıları daha çox iqlim dəyişikliyinin narahat etdiyini qeyd edib. Sakinlərin yoluxucu xəstəliklərlə bağlı artan qorxusu isə COVID-19 pandemiyası ətrafında yaranmış vəziyyətlə əlaqədardır.
Asiman Əsədov
AZƏRTAC-ın xüsusi müxbiri
Riqa