CƏMİYYƏT


Pirallahıda “ağ ölümə” “Yox” dedilər

Bakı, 9 dekabr, AZƏRTAC

Dekabrın 9-da Yeni Azərbaycan Partiyası (YAP) Mərkəzi Aparatının, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun və “Azərbaycan Televiziyası və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin 2022-ci ilə dair imzalanmış birgə Tədbirlər Planına uyğun olaraq YAP Mərkəzi Aparatının və partiyanın Pirallahı rayon təşkilatının birgə təşəbbüsü ilə “Gələcəyimizi ağ ölümdən xilas edək!” mövzusunda tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, Pirallahı Gənclər Mərkəzində keçirilən tədbirdə çıxış edən YAP Pirallahı rayon təşkilatının sədri Emil Abasov narkomaniya ilə mübarizənin sağlam cəmiyyətin formalaşması üçün zəruri şərtlərdən olduğunu bildirib. Qeyd edilib ki, cəmiyyətdə “ağ ölüm” kimi tanınan narkomaniya bəlası insan həyatında sağalmaz fəsadlar yaradır. Azərbaycanda narkomaniyaya qarşı sistemli mübarizə aparılır.

YAP Mərkəzi Aparatının Gender siyasəti və gənclərlə iş şöbəsi müdirinin müavini Zəkiyyə Musayeva diqqətə çatdırıb ki, tədbir dövlətimizin başçısının təsdiqlədiyi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın icrasına uyğun olaraq keçirilir. Onun sözlərinə görə, narkomaniya ilə mübarizə və onun profilaktikası mühüm məsələ olmaqla yanaşı, sağlam gəncliyin yetişməsində ən vacib amillərdən biridir.

Pirallahı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, rayon İcra Hakimiyyəti başçısı yanında fəaliyyət göstərən Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə komissiyanın sədri Vəzir Səfixanov çıxışında rayonda bu sahədə həyata keçirilən tədbirlər haqqında məlumat verib.

Digər çıxış edənlər narkomaniyanın fəsadlarından bəhs edib, bu bəla ilə mübarizənin əhəmiyyətindən danışıblar.

Qeyd olunub ki, yeniyetmə və gənclərimizin təlim-tərbiyəsi, elmə, təhsilə və idmana marağının artırılması da onların zərərli vərdişlərdən uzaqlaşmalarında vacib amildir. Vurğulanıb ki, narkotik maddələrdən asılılıq insanın ailəyə, cəmiyyətə bağlılığını azaldır və nəticədə onu cəmiyyət üçün faydasız fərdə çevirir. Cəmiyyətlə şəxsiyyət arasındakı əlaqənin pozulması təkcə onun özünə deyil, həm də ətrafına mənfi təsir göstərir. Buna görə də gələcəyimiz olan gənclər narkomaniyanın nə qədər zərərli, təhlükəli olduğunu bilməlidirlər.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.