Pirallahıda cari ilin doqquz ayı ərzində görülmüş işlər müzakirə edilib
AzerTAg.az
Bakı, 17 oktyabr, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş iclasındakı nitqindən irəli gələn vəzifələr Pirallahı Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın rayonun sənaye müəssisələri, təsərrüfat xidmətləri, təhsil, səhiyyə, mədəniyyət müəssisələri, hüquq mühafizə orqanları rəhbərlərinin, bələdiyyə üzvlərinin, ağsaqqallar, gənclər və rayon ictimaiyyəti nümayəndələrinin iştirakı ilə keçirilən iclasında ətraflı müzakirə olunub.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, icra hakimiyyətinin başçısı Vasif İmanov doqquz ay ərzində Pirallahı rayonunda həyata keçirilən tədbirlər haqqında məlumat verib.
Rayonda sənaye sahəsində görülən işlərdən danışan V.İmanov vurğulayıb ki, rayon ərazisində yerləşən “Abşeronneft” NQÇİ-nin “Rezervuarlar Parkı”nın tikintisi istiqamətində işlər yekunlaşıb. Pirallahı adasının giriş hissəsində özündə balıqyetişdirmə ferması, park, iaşə, əyləncə və istirahət mərkəzini əhatə edən “Nərəkənd” kompleksinin yaradılması istiqamətində işlər aparılır. Kompleksin park hissəsində işlər artıq başa çatdırılıb.
Bildirilib ki, Pirallahı “Yanalma körpüləri kompleksi”nin tikintisində işlər dəniz akvatoriyasında və sahil boyu davam etdirilir. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 14 sentyabr tarixli Sərəncamı ilə yaradılan Pirallahı Sənaye Parkı innovativ sənayenin inkişaf etdirilməsi sahəsində həyata keçirilən tədbirlərin davamı olmaqla, ölkədə əczaçılıq sənayesinin inkişafı, bu sahədə idxaldan asılılığın azaldılması, əhalinin dərman vasitələrinə tələbatının ödənilməsi və məşğulluğun artırılması məqsədi daşıyır. Əsasən əczaçılıq sahəsində ixtisaslaşacaq Pirallahı Sənaye Parkı ölkəmizdə yaradılan sayca beşinci sənaye parkıdır.
V.İmanov qeyd edib ki, Pirallahı rayonunda ekoloji tarazlığın bərpası və ətraf mühitin təhlükəsizliyi, insanların sağlamlığının təmin edilməsi, rayonda yaşıllıqların artırılması, yeni ağacların əkilməsi istiqamətində silsilə tədbirlər həyata keçirilir. Həmçinin rayonda ekoloji mühiti yaxşılaşdırmaq məqsədilə baxımsız qalmış sahələr təmizlənir, antisanitar vəziyyət aradan qaldırılır. Hesabat dövründə rayonda indiyə qədər 50 mini Pirallahı qəsəbəsində, 55 mini Çilov qəsəbəsində, 200 mindən çoxu yol kənarlarında olmaqla müxtəlif növ həmişəyaşıl və meyvə ağacları əkilib.
Hesabat iclasında əldə olunmuş nailiyyətlərlə yanaşı, həm də həllini gözləyən problemlər, çatışmazlıqlar və onların aradan qaldırılması yolları, rayonda aparılması nəzərdə tutulan abadlıq işləri, vətəndaşların müraciətləri ilə bağlı görülən işlər də müzakirə olunub.




Xəbərin mətnində orfoqrafik səhv var