İDMAN
“Pirelli”: Bakı trekindəki düz yol şinlər üçün durğun dalğa problemi yarada bilər
Bakı, 16 iyun, AZƏRTAC
“Pirelli” komandasının avtomobil idmanı bölməsinin başçısı Pol Hembri hesab edir ki, Avropa Qran-prisində uzun düz yol şinlər üçün təhlükəli ola bilər.
AZƏRTAC www.championat.com saytına istinadla xəbər verir ki, P.Hembri uzun düz yolun durğun dalğa problemi yaratması ehtimalını qeyd edib. Onun fikrincə, bu tras bir o qədər də dramatik deyil, orada düz yol var. Durğun dalğanın idarə edilməsində ehtiyatlı olmaq lazım gəldiyini vurğulayan P.Hembri deyib: Yeni trasda şütümək sürprizlərə səbəb ola bilər. Son illər yeni traslarda örtüyün hamar, rezinin aşınma dərəcəsinin aşağı olması meyli hiss olunur. Amma Bakıda çox sərt düz yol var və biz durğun dalğadan baş çıxarmalıyıq. Şinlərin bütöv qalması aspektini diqqət mərkəzində saxlamalıyıq.
Xatırladaq ki, durğun dalğa dedikdə şinin dalğavari deformasiyası nəzərdə tutulur. Belə deformasiya təkərin yol ilə təması zamanı şinin kənarında əmələ gələn əyriliyin avtomobil yüksək sürət götürəndə əvvəlki formasını ala bilməməsi səbəbindən baş verir.