SİYASƏT


Politoloq Lyuk Kofi: Yeni reallıqlar Azərbaycanın ABŞ üçün əhəmiyyətini daha da artırır

Qahirə, 1 may, AZƏRTAC

Mayın 1-dən ABŞ-ın Əfqanıstandakı qoşunlarını çıxarmağa başlaması və Mərkəzi Asiya ilə Avropanı birləşdirən nəqliyyat dəhlizlərinin yerləşdiyi coğrafi məkanda yaranan yeni reallıqlar Birləşmiş Ştatlar üçün əlverişli mövqeyə malik Azərbaycanın geosiyasi əhəmiyyətini daha da artırır.

AZƏRTAC xəbər verir ki, bu fikirlər tanınmış Qərb politoloqu, “Heritage” Fondunun Daqlas və Sara Elison Mərkəzinin direktoru Lyuk Kofinin “Arabnews” qəzetində dərc olunmuş analitik məqaləsində yer alıb.

Hazırkı şəraitdə Qərb ölkələrinin Mərkəzi Asiya regionuna yeganə çıxışının Türkiyə-Gürcüstan-Azərbaycan dəhlizi üzərindən mümkün olacağını qeyd edən müəllif yazır: “Bu kontekstdə ABŞ Prezidentinin “erməni soyqırımı” bəyanatı və Ankara ilə əlaqələri gərginləşdirməsi vəziyyəti daha da pisləşdirib. Lakin Azərbaycan ərazisindən quru və hava yolu ilə Mərkəzi Asiyaya çıxış Vaşinqton üçün yeganə mümkün variant kimi görünür. Bu marşrut Azərbaycanın ikinci böyük şəhəri olan Gəncənin adını daşıyan və İpək Yolu üzərində əhəmiyyətli məntəqə olan 100 kilometrlik “Ganja Gap” dəhlizidir. ABŞ ordusu Əfqanıstana təchizatın göndərilməsində bu dəhlizdən istifadə edib. Beləliklə, Vaşinqton Mərkəzi Asiya regionunda möhkəmlənmək istəyirsə, Türkiyə ilə münasibətləri yaxşılaşdırmalı və Azərbaycana daha çox diqqət yetirməlidir. Bu məqsədlə güclü iqtisadi əlaqələr və diplomatik səylər lazımdır”.

Politoloq vurğulayıb ki, Rusiya və Çinin Mərkəzi Asiyada, həmçinin Əfqanıstanda təsirini artırmaq planları qarşısında ABŞ üçün ən məqbul variant Türkiyə və Azərbaycanla əməkdaşlığı daha da inkişaf etdirməkdir.

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.