SİYASƏT


Politoloq: Seçkilərin nəticələri göstərdi ki, Ermənistanda müharibədən sonra yaranmış yeni geosiyasi reallıqları qəbul edirlər

Bakı, 21 iyun, AZƏRTAC

Ermənistanda keçirilən növbədənkənar seçkilərdə Köçəryan-Sarkisyan cütlüyünün məğlubiyyəti göstərdi ki, erməni xalqı 44 günlük müharibədən sonra yaranmış yeni geosiyasi mənzərəni, müharibənin nəticələrini qəbul edir, revanşistlərə yenidən meydan vermək niyyətində deyil. Bu seçkilərdən bir daha aydın oldu ki, Qarabağsız “Qarabağ klanı” artıq Ermənistanda heç kəsə lazım deyil. Paşinyanın qələbəsi o deməkdir ki, elektoral qüvvə mövcud siyasətə birmənalı şəkildə “yox” dedi. Artıq Ermənistanda yeni siyasi durumun formalaşması labüddür.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında politoloq Tofiq Abbasov deyib.

Politoloq diqqətə çatdırıb ki, Ermənistanda siyasi sabitlik həmişə gərgin olub, başıpozuq siyasət həyata keçirilib. Seçkilərdə qalib gələn Nikol Paşinyan həm idarəetmə baxımından, həm də vəziyyətə nəzarət baxımından hakimiyyət rəhbəri kimi öz işini lazımi və tam formada görə bilmirdi. Təbii ki, ona mane olan qüvvələr də var idi. Bu qüvvələr indi də var, olub və olacaq. Paşinyan seçkilərdən sonra ölkədə vəziyyətə daha diqqətli, daha ciddi yanaşmalıdır. Azərbaycanla, Türkiyə ilə qarşıdurma proseslərini gücləndirmək istəyi artıq erməni xalqını cəlb etmir. Əksinə, onlar yaxşı başa düşürlər ki, yoxsul və rəzil vəziyyətdə yaşamalarına səbəb məhz bu amildir.

T.Abbasov qeyd edib ki, Köçəryan-Sarkisyan cütlüyünün məğlub olması Nikol Paşinyana bütün nəzarəti öz əlinə almağa, yeni idarəçilik mexanizmləri işləyib hazırlamağa imkan verir. Ölkəsinin böhrandan çıxış yolları barədə düşünməli olan yeni hakimiyyət ən nəhayət, Qarabağla bağlı da qəti qərara gəlməlidir. Ermənistan birmənalı olaraq məğlub, Azərbaycan isə qalib ölkədir. Bu məsələdə hər şey gün kimi aydındır.

Müharibənin nəticələrindən biri də bundan ibarətdir ki, Azərbaycan Qarabağa qayıtdı. Təbii, bəzi proseslər var ki, onları bir gündə, bir ayda, bir ildə həyata keçirmək mümkün deyil.

Politoloq bildirib ki, Ermənistanda terrorçu qüvvələr çox güclüdür. Bu qüvvələr istənilən məqamda hərəkətə keçirlər.

Qarşıda delimitasiya və demarkasiya məsələlərinin həllini gözlədiyini deyən T.Abbasov vurğulayıb: “Delimitasiya və demarkasiya məsələləri digər ölkələr üçün hər zaman ağır olub, təbii ki, Azərbaycan və Ermənistan üçün də belədir. Bu məsələyə sağlam düşüncə ilə yanaşmaq lazımdır. Ermənistan, ilk növbədə, öz ərazi iddialarından rəsmi şəkildə əl çəkməlidir. Ermənistan təhlükəsizlik konsepsiyasında dəyişiklik edilməlidir. Çünki bu konsepsiyada Ermənistan Azərbaycanı və Türkiyəni düşmən dövlət kimi təsbit edir. Qonşuluq siyasəti apararaq regionda sülh və təhlükəsizliyin təmin olunmasına çalışmalı və layihələrdə iştirak etməli, xüsusilə Zəngəzur dəhlizinin açılmasına dəstəyini göstərməlidir. Azərbaycan Ermənistan razı olmasa belə Zəngəzur dəhlizinin açılmasını reallaşdıracaq. Ermənistan bu prosesdə öz maraqları üçün iştirak etməyə məcburdur. Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən irəli sürülən “Altılıq” platforması əbəs yerə düşünülməyib. Rusiya, İran da daxil olmaqla qonşu ölkələr bu platformada iştirak etməyə razılıq veriblər”.

Politoloq vurğulayıb ki, Azərbaycan bölgədə yeni geosiyasi reallıq yaratdığı üçün hadisələrin və proseslərin mərkəzində dayanır. “Biz Vətən müharibəsi ilə Ermənistandan gələn təhdidlərin qarşısını almağa müvəffəq olduq və faşizmin kökünü kəsdik. Artıq yeni dövrün başlanğıcı qoyulub. Ermənistanda yeni hökumətin qurulması indi Nikol Paşinyandan asılıdır. “Daşnaksütyun”, “Dirçələn Ermənistan” və digər bu kimi partiyalar siyasi arenadan getməlidir. Çünki bu partiyaların yürütdüyü siyasət xalqın maraqlarına cavab vermir. Onlar xalqa ancaq ölüm, itki, göz yaşı veriblər”, - deyə T.Abbasov bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.