DÜNYA
Polşa hökuməti Oder çayı böhranından zərər çəkən sahibkarlara maddi dəstək göstərəcək
Varşava, 26 avqust, AZƏRTAC
Polşa hökuməti ölkənin ikinci böyük çayı olan Oder çayında baş vermiş ekoloji fəlakətdən zərər çəkmiş sahibkarlıq subyektlərinə maddi dəstək göstərəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə məlumatı ailə və sosial siyasət naziri Marlene Malaq verib. O bildirib ki, hökumətin iclasında Oder çayı boyunca fəaliyyət göstərən sahibkarlara kömək haqqında qanun layihəsini müzakirə edilib və sahibkarlara kömək məqsədilə qanun hazırlanacaq.
Nazirin sözlərinə görə, Oder çayı boyunca 10 minə yaxın sahibkarlıq subyekti hökumət yardımı ilə dəstəklənə biləcək. Hökumətin saytında yerləşdirilən məlumata görə, Oder fəlakətindən zərər çəkmiş şirkətlərin hər bir işçisi 3010 zlot (361 avro) birdəfəlik ödəniş ala biləcək.
Qeyd edilməlidir ki, iyulun sonundan etibarən Oder çayından 200 tondan çox ölü balıq çıxarılıb. Son illərdə Polşanın ən böyük ekoloji fəlakəti adlandırılan balıqların kütləvi məhvinin səbəbi hələ də araşdırılır.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Varşava