CƏMİYYƏT
Polşada Gənc Diplomatlar Elmi Dərnəyinin üzvlərinə Azərbaycan həqiqətləri barədə məlumat verilib
Bakı, 16 may, AZƏRTAC
Varşava Universiteti nəzdində fəaliyyət göstərən Gənc Diplomatlar Elmi Dərnəyinin üzvləri Azərbaycanın Polşadakı səfirliyində olublar.
Səfir Həsən Həsənov tələbələrə Azərbaycanın tarixi, müasir dövrü, siyasi və iqtisadi əlaqələri, Azərbaycan-Polşa münasibətləri, Ermənistan-Azərbaycan münaqişəsi haqda geniş məlumat verib. Diplomat Azərbaycana böyük maraqları olan tələbələrin qeyd olunan mövzular ətrafında çoxsaylı suallarını cavablandırıb.
2010-cu ildən etibarən fəaliyyət göstərən bu dərnək əsasən beynəlxalq əlaqələr və dünya diplomatiyası mövzuları ilə maraqlanan tələbələri cəmləşdirir. Tələbələrin Azərbaycan mövzusuna olan marağını nəzərə alaraq, dərnək üzvləri tərəfindən səfirlikdə görüşün keçirilməsi təklifi irəli sürülüb.
Görüşün sonunda tələbələrə səfirlik tərəfindən polyak dilində nəşr olunmuş, Azərbaycan tarixi, mədəniyyəti və dili ilə bağlı kitablar hədiyyə edilib.