CƏMİYYƏT
Pomidor yetişdirilən istixanalarda videomonitorinqlər aparılır
Bakı, 4 may, AZƏRTAC
Azərbaycandan Rusiya Federasiyasına ixrac olunan pomidor məhsuluna tətbiq edilən məhdudiyyətlərin tamamilə aradan qaldırılması məqsədilə Qida Təhlükəsizliyi Agentliyi ölkəmizin aidiyyəti qurumları və Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin ("Rosselxoznadzor") mütəxəssislərindən ibarət nümayəndə heyətləri arasında intensiv görüşlər davam etdirilir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, birgə nəzarət tədbirləri çərçivəsində aprelin 26-dan 28-dək Qida Təhlükəsizliyi Agentliyi və Rusiya Federasiyası Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin əməkdaşlarının iştirakı ilə Tovuz rayonunda Səlahəddin Rzayevə, Salyan rayonunda Abbas Həsənova, Şəki rayonunda Elman Əhmədova, Şəmkir rayonunda Qoca Qasımova, Mahirə Əliyevaya, Bəhruz Məmmədova, Abşeron rayonunda Qəhrəman Həziyevə məxsus pomidor məhsulu yetişdirilən istixanalarda, “Bərəkət-2020” və “AZ-Tomato” MMC-lərdə videomonitorinqlər keçirilib.
Videomonitorinqlər zamanı təsərrüfatların ümumi sahəsi, o cümlədən hazırda pomidor əkini altında olan sahə, yetişdirilən sort, gözlənilən istehsal, istixananın işıq və istilik rejimi, yerinə yetirilən bitki mühafizə tədbirləri barədə rusiyalı mütəxəssislərin sualları cavablandırılıb, eyni zamanda götürülmüş bitki və meyvə nümunələri Rusiya tərəfinin müvafiq laboratoriyalarında müayinə edilməsi üçün nümunə paketlərinə qoyularaq plomblanıb.
Qida Təhlükəsizliyi Agentliyi və Rusiya Federasiyasının müvafiq qurumunun mütəxəssislərindən ibarət işçi qrupunun birgə həyata keçirdiyi videomonitorinqlər növbəti günlərdə respublikamızın digər regionlarında yerləşən istixanalarda davam etdiriləcək.