SİYASƏT
Praqada keçirilən konfransda Çexiya ilə müsəlman ölkələri arasındakı münasibətlər müzakirə edilib
Praqa, 24 may, AZƏRTAC
Mayın 24-də Azərbaycanın Çexiyadakı səfiri Fərid Şəfiyevin sədrliyi altında İslam Əməkdaşlıq Təşkilatının (İƏT) üzv ölkələrinin Çexiyada akkreditə olunmuş səfirlərinin Praqa qrupunun (PQ) və Çexiyanın əsas ali təhsil müəssisəsi Karl Universitetinin birgə təşkilatçılığı ilə “Çexiya və müsəlman ölkələri arasında münasibətlər” mövzusunda konfrans keçirilib.
Konfransda Çexiyanın dövlət qurumlarının təmsilçiləri, parlamentin üzvləri, ictimaiyyətin nümayəndələri, Karl Universitetinin professor və tələbələri iştirak ediblər.
İki paneldən ibarət təşkil edilən konfransı Karl Universitetinin rektoru Tomaş Zima, Çexiya xarici işlər nazirinin müavini Martin Tlapa, Azərbaycanın Çexiyadakı səfiri Fərid Şəfiyev açıblar. Daha sonra İslam dini üzrə tanınmış ingilis alimi xanım Karen Armstrong, Çexiya müdafiə nazirinin müavini Yakub Landovski və Karl Universitetinin professorları çıxış ediblər.
İslam Əməkdaşlıq Təşkilatının Praqa qrupunun sədri qismində çıxış edən səfir Fərid Şəfiyev Konfransın əhəmiyyətindən danışıb və tədbirin təşkil edilməsində əsas məqsədin Çexiya və müsəlman ölkələri arasında münasibətlərin müxtəlif aspektlərini müzakirə etməkdən ibarət olduğunu diqqətə çatdırıb. Səfir xüsusilə dünyada artmaqda olan ksenofobiya, islamafobiya, dözümsüzlük halları müstəvisində konfransın düzgün vaxtda təşkil edildiyini və problemli məsələlərin ayırıcı xətlər əsasında deyil, birgə anlaşma vasitəsilə həll edilməsinin əhəmiyyətini qeyd edib. Azərbaycanlı diplomat bu xüsusda ölkəmizi nümunə gətirərək, müxtəlif mədəniyyətlərin və sivilizasiyaların qovşağında yerləşən Azərbaycanda etnik, dini və milli mənsubiyyətindən asılı olmayaraq, bütün insanların stabillik şəraitində dinc yaşadıqlarını diqqətə çatdırıb. Səfir, həmçinin Prezident İlham Əliyev tərəfindən 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edildiyini, Bakıda həm IV İslam Həmrəyliyi Oyunlarının, həm də iki il əvvəl ilk Avropa Oyunlarının təşkil edildiyini xüsusilə vurğulayıb və bunu ölkəmizin apardığı siyasətin müvəffəqiyyətli nəticəsi kimi qiymətləndirib.
Çoxsaylı qonaqların qatıldığı Konfrans böyük marağa səbəb olub.
Sonda qonaqların şərəfinə ziyafət verilib.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Praqa