SİYASƏT
Prezident İlham Əliyev: Bu qanlı döyüşlər bütün Azərbaycan xalqı üçün həqiqət anıdır VİDEO
Bakı, 30 sentyabr, AZƏRTAC
Bu qanlı döyüşlər bizim üçün, bütün Azərbaycan xalqı üçün həqiqət anıdır. Biz görürük kim kimdir. Biz görürük ki, bəzi hallarda yaxşı sözlər deyən, yaxşı bəyanatlar verən bəzi tərəflər öz sözünün arxasında durmur. Sözdə bir şey deyilir, əməldə başqa şey edilir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Ermənistanın sentyabrın 27-dən başlayan hərbi təxribatı zamanı yaralanan və Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında müalicə olunan hərbçilərlə görüşündə bildirib.
Türkiyə, Pakistan və Əfqanıstanın Azərbaycanın birmənalı şəkildə dəstəklədiklərini diqqətə çatdıran dövlətimizin başçısı deyib: “Bilirsiniz, danışıqlarla məşğul olan beynəlxalq format var. Əfsuslar olsun ki, bu format, heç bir nəticə hasil etməyib. Ona görə indiki şəraitdə hansısa tərəflərdən dialoqa çağırış hesab edirəm ki, yersizdir. Bunu beynəlxalq təşkilatlar edir, bunu BMT edir. Biz bunu təbii ki, qəbul edirik. Bunu ATƏT edir, biz bunu qəbul edirik. Çünki ATƏT-in mandatı var. Yoxsa ki, kimsə deyir gəlin belə dialoqu başlayaq, biz də kömək edək, bunlara ehtiyac yoxdur. İndi həqiqət anıdır. Sən kimin tərəfindəsən? Haqqın, yoxsa şərin? Dostun, yoxsa düşmənin? Həqiqət anıdır - mənim üçün, xalqımız üçün, hamımız üçün. Əlbəttə ki, bu günlərdə bizə dəstək olan ölkələri, təşkilatları, insanları heç vaxt unutmayacağıq”.