CƏMİYYƏT
Prezident İlham Əliyev: Qabaqlayıcı tədbirlər nəticəsində Azərbaycanda koronavirusun yayılması geniş vüsət almayıb
Bakı, 6 aprel, AZƏRTAC
Qabaqlayıcı tədbirlərin görülməsi nəticəsində Azərbaycanda hazırda koronavirus xəstəliyinin yayılması geniş vüsət almayıb. Dünyanın inkişaf etmiş ölkələrində gündə yüzlərlə insan vəfat edir və heç bir ölkənin səhiyyə sistemi bu artan xəstələrin müalicəsini tam təşkil edə bilmir. Bu, bizim üçün də bir dərs olmalıdır.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev aprelin 6-da Azərbaycan xalqına müraciətində bildirib.
Azərbaycanda qabaqlayıcı tədbirlərin görülməsinin və vəziyyətə uyğun şəkildə atılan addımların insanların həyatını, sağlamlığını qorumaq və bu xəstəliyin ölkəmizdə geniş vüsət almasına imkan verməmək məqsədi daşıdığını vurğulayan dövlətimizin başçısı deyib: “Bu günə qədər görülmüş bütün tədbirlər öz səmərəsini verdi. Bircə onu demək kifayətdir ki, Azərbaycanda bu günə qədər 45 min test keçirilib. İndi müxtəlif internet resurslarında bütün ölkələrdə həm xəstələrin sayı, həm ölüm hallarının sayı, eyni zamanda, keçirilmiş testlərin sayı göstərilir. Hər bir insan o saytlara girib baxa bilər, Azərbaycan dünyada aparıcı ölkələrdəndir ki, bu qədər test keçirib. Bu, bizə imkan verdi ki, xəstəliyi müəyyən edək, xəstə insanlara operativ tibbi xidmət göstərək və eyni zamanda, özümüzü böyük bəladan qoruya bilək. Bu günə qədər biz buna müvəffəq olmuşuq. Eyni zamanda, operativ tədbirlərin görülməsi və vəziyyətə uyğun addımların atılması öz səmərəsini göstərmişdir”.