SİYASƏT
Prezident İlham Əliyev Silahlı Qüvvələrimizin hərbi qulluqçularının təltif olunmaları ilə bağlı sərəncamlar imzalamışdır
Bakı, 25 iyun (AZƏRTAC). Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında Sərəncam imzalamışdır.
AZƏRTAC xəbər verir ki, Sərəncama əsasən, 5 nəfərə “general-leytenant”, 6 nəfərə isə “general-mayor” ali hərbi rütbələri verilmişdir.
Prezident İlham Əliyevin digər Sərəncamı ilə Azərbaycan Respublikasının müstəqilliyinin, ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə, xidməti vəzifələrini və hərbi hissənin qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə, hərbi təhsil sahəsində xidmətlərinə görə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin bir qrup hərbi qulluqçusu və mülki işçiləri orden və medallarla təltif edilmişlər. Sərəncama əsasən, bir nəfər 2-ci dərəcəli “Vətənə xidmətə görə”, 8 nəfər 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenləri, 12 nəfər “Vətən uğrunda”, 6 nəfər “İgidliyə görə”, 22 nəfər “Hərbi xidmətlərə görə”, iki nəfər isə “Tərəqqi” medalları ilə təltif olunmuşlar.
Azərbaycan Prezidenti İlham Əliyevin digər bir Sərəncamı ilə isə Silahlı Qüvvələrimizin hərbi qulluqçularına və mülki işçilərinə yüksək fəxri adlar verilmişdir. Belə ki, bir nəfər “Xalq Artisti”, iki nəfər “Əməkdar İncəsənət Xadimi”, bir nəfər “Əməkdar Artist”, bir nəfər “Əməkdar Həkim”, iki nəfər isə “Əməkdar Müəllim” fəxri adları ilə təltif olunmuşlar.