CƏMİYYƏT
Professor Eldar Quliyevin qlobal qida təhlükəsizliyindən bəhs edən kitabı Almaniyada nəşr olunub
Bakı, 27 iyul, AZƏRTAC
Milli Məclisin deputatı, Azərbaycan Ağsaqqallar Şurasının sədri, Kooperasiya Universitetinin rektoru professor Eldar Quliyevin “Qlobal qida təhlükəsizliyi: həqiqətlər, çağırışlar və perspektivlər” (“Global food security: realities, callings and perspectives”) kitabı Avropa Təbiət Elmləri Akademiyasının qərarı ilə Almaniyada nəşr olunub və Birləşmiş Millətlər Kitabxanasına daxil edilib.
Bu barədə AZƏRTAC-a İsveçrənin Cenevrə şəhərində fəaliyyət göstərən “UN Council for Public Awards” (UNCOPA) təşkilatının prezidenti professor M.S.Guzel məlumat verib.
Qeyd edilib ki, professor Eldar Quliyevin kitabı mühüm elmi dəyərinə görə və onun BMT-nin elm və sülh səfiri kimi 70 illik yubileyi münasibətilə UNCOPA-nın “KORİFEY” ordeninə layiq görülüb.
Bundan əvvəl kitab bir neçə dilə tərcümə olunaraq Almaniya, İtaliya, İsveçrə, Rusiya, Türkiyə və digər ölkələrin qida təhlükəsizliyi araşdırmalarında istifadə olunub.
Qeyd edək ki, kitabın dünyada ərzaq təhlükəsizliyində böyük önəmi və Türkiyədə populyarlığı nəzərə alınaraq, professor Eldar Quliyev Beynəlxalq Böyük Qızıl Ulduz medalı ilə də təltif edilib.
Müəllif kitabda qlobal ərzaq təhlükəsizliyi ilə bağlı mühüm məqamlara toxunur, bu sahədəki mövcud problemlərə yeni prizmadan yanaşır.
Professor M.S. Guzelin sözlərinə görə, COVID-19 pandemiyası ilə bağlı vəziyyət sabitləşdikdən sonra bu yüksək nailiyyət münasibətilə Bakıda təntənəli mərasiminin keçirilməsi nəzərdə tutulur.
Xatırladaq ki, “Qlobal ərzaq təhlükəsizliyi: reallıqlar, çağırışlar və perspektivlər” kitabı 2017-ci ildə BMT-nin İctimai Mükafatlar üzrə Şurası tərəfindən “İlin kitabı” adına layiq görülüb.