CƏMİYYƏT


Professor Qurbanxan Müslümov: Sərt tədbirlər görülməsini zəruri edən pandemiyanın tələblərinə əməl olunmamasıdır

Bakı, 5 iyun, AZƏRTAC

Təəssüf ki, bu tarixi də yaşamaq məcburiyyətindəyik, amma bu, bizim taleyimizdir. Bu gün üzləşdiyimiz vəziyyət istər Tibbi Ərazi Bölmələrin İdarəetmə Birliyi (TƏBİB), istər digər qurumlar və mərkəzlər tərəfindən ehtimalla proqnozlaşdırılırdı və gözlənilən idi. Çox təəssüf edirik ki, yumşalma tədbirləri çərçivəsində situasiya dəyişdi, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, karantin tədbirlərinin daha da ciddiləşdirilməsi zərurəti yarandı. Bəzən bunun lazım olub-olmaması, tətbiq edilib-edilməməsi barədə yerli-yersiz suallar verilir. Dünyanın əksər inkişaf etmiş ölkələrində olduğu kimi Azərbaycanda da bu sahədə tədbirlər aparılır, lakin daha çox bu tədbirlərin görülməsini zəruri edən əhalinin pandemiyanın tələblərinə əməl etməməsidir.

AZƏRTAC xəbər verir ki, bu sözlər akademik M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin professoru Qurbanxan Müslümova məxsusdur.

Professor deyib: “Yumşalma tədbirləri o zaman səmərəli olur ki, qoyulan tələblərə əməl olunsun. Bəzən sual verirlər: bəs niyə pandemiyanın tüğyan etdiyi dövrdə maska taxmağın vacib olduğunu demirdilər, amma pandemiyanın sovuşma ərəfəsində bunun vacib olduğu bildirilir? Bunu insanlar anlamadığı üçün deyirlər. O zaman tədbirlərin ən ciddi dövrü idi, xəstəliyə yoluxanların başqaları ilə təmasda olmaq ehtimalı minimum idi, lakin yumşalma tədbirləri nəticəsində insanlar küçələrə çıxıb bir-biri ilə ünsiyyətdə olur və onların arasında xəstələnmə ehtimalı pandemiyanın tüğyan etdiyi vaxtdan dəfələrlə çoxdur. Ona görə də hər dövrə uyğun tədbirlərin görülməsi vacibdir. Dövlət və əlaqədar qurumlar tərəfindən qoyulan qaydalar lokal olaraq bir ölkə səviyyəsində tətbiq edilən qaydalar deyil, böyük elmi mərkəzlər tərəfindən tövsiyə olunan qaydalardır.

Azərbaycanda pandemiyanın qısa tarixçəsinə nəzər salsaq, ölkəmizdə ilk koronaviruslu xəstə digər ölkələrlə müqayisədə bir qədər gec aşkar edildi. O vaxt adamlar arasında guya hansısa klinikaya xəstələrin yerləşdirilməsi, hətta ölüm hallarının olması və guya bunların gizlədilməsi barədə şayiələr dolaşmağa başladı. Sonra infeksiyaya yoluxan xəstələr aşkar ediləndə camaat arasında belə xəstələrin olmadığı, heç kəsin ətrafında, doğmaları arasında belə xəstələrlə rastlaşmadığı barədə şayiələr gəzdi. Xəstələr aşkar ediləndən sonra ölüm halları ilə üzləşmə halları gec olanda dünyanın hər yerində vəfat edən xəstələrin çoxluğu ilə müqayisə edərək ölüm hallarının gizlədilməsi barədə danışdılar. Ölüm halları baş verəndə isə guya onların başqa xəstəliklər nəticəsində vəfat etdiyi və pulla alındığını dedilər. “Koronavirus bitib” deyəndə, “yox, bitməyib, hələ indi tüğyan edir” deyə danışmağa başladılar. Bütün bunlar əhali arasında elə bir çaşqınlıq yaratdı ki, nəticədə bu gün üzləşdiyimiz vəziyyətə gəlib çıxmağımıza səbəb oldu. Həkimə gələn xəstədən maska geyinməyi tələb edilməsi ironiya ilə qarşılandı. Bir vaxt çoxları deyirdi ki, “xəstəlik haradadır, bizim ailəmizdə, ətrafımızda, doğmalarımız arasında yoxdur”, amma çox təəssüf ki, elə reallığa gəlib çıxmışıq ki, bir müddət sonra çətin ki, xəstəliklə üzləşməyən ailə olmasın və onun acısını yaşamasın”.

Professor söhbətinə davam edərək deyib: “Yumşaltma tədbirləri başlayanda TƏBİB rəhbərliyi bu məsələyə olduqca ehtiyatlı yanaşırdı. Əvvəlcədən ölkə sakinlərinin məsələyə yanaşması və mövcud mentalitetin vəziyyətin daha da pisləşməsinə və ağırlaşmasına səbəb ola biləcəyi hər dəfə qeyd olunurdu. Biz bu gün onun şahidi oluruq. Bir cərrah olaraq deyirəm ki, belə vəziyyətdə çox qəti tədbirlər görülməlidir. Həmin təcrübədən qardaş Türkiyədə də istifadə olunub. Orada əvvəlcə həftəsonu, sonra iş günlərinin də əlavə edilməsi şərti ilə sərt karantin tətbiq edildi və çoxlarına nümunə olacaq vəziyyətin yaranmasında həmin yanaşmanın çox böyük əhəmiyyəti oldu. Bu gün dünyada başqa təcrübələr də var və həmin təcrübələrdən bəhrələnib ən qəti tədbirlər görülməlidir. Təmasda olmamaq, maska geyinmək, ünsiyyətdən uzaq olmaq üçün hər kəsin yanında nəzarətçi qoymaq üçün artıq vaxt yoxdur. Ona görə də ən kəskin və ən qəti tədbirlər görülüb bunun qarşısı alınmalıdır, çünki xəstələrin sayı artdıqca elementar bir statistika ilə üzləşirik. Paytaxtda ən böyük klinikaların 200-300 xəstə tutumu var. Bu gün mənim çalışdığım və ölkəmizin ən böyük tibb müəssisələrindən olan akademik M.A.Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzinin 200-250 çarpayı tutumu var. Xəstələr sırasına hər gün 200-300 xəstənin əlavə olunması həmin klinikaların koronavirusa yoluxanlarla dolması deməkdir. Bu sürətlə bir həftə, on gün ərzində həmin klinikalar xəstə ilə dola bilər. Bəs onda digər xəstələr? Ona görə də ciddi tədbirlər görülməsini dəstəkləmək lazımdır və daha ciddi tədbirlərə əl atılması yaranmış vəziyyətdən ən doğru çıxış yoludur”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.