ELM VƏ TƏHSİL
Professor Yuri Sadovniçi: Bakı Filialı Moskva Dövlət Universitetinin digər filialları arasında liderdir
Bakı, 3 noyabr, AZƏRTAC
Bir sıra obyektiv göstəricilər, o cümlədən qəbul olunan tələbələrin sayı, professor-müəllim heyəti, magistraturanın sayı, maddi-texniki baza baxımından əminliklə demək olar ki, Bakı Filialı Moskva Dövlət Universitetinin digər filialları arasında liderdir. Eləcə də Bakı Filialı Azərbaycanda universitetlər arasında aparıcı ali təhsil müəssisələrindən biridir.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Moskva Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinin ümumi topologiya və həndəsə kafedrasının müdiri, fizika-riyaziyyat üzrə elmlər doktoru, professor Yuri Sadovniçi söyləyib.
“Bu il fəaliyyətə başlamasının 11 illiyini qeyd edən Bakı Filialı daim inkişaf edir. Əgər 2008-ci ildə filial üç fakültə - tətbiqi riyaziyyat, kimya və filologiya fakültələri ilə fəaliyyətə başlayıbsa, sonralar psixologiya, iqtisadiyyat və fizika fakültələri açılıb. 2020-ci ildə fizika fakültəsində bakalavr üzrə ilk məzun buraxılışı olacaq. Bununla yanaşı, 2020-ci ildən fizika fakültəsi magistratura təhsilinə başlayır. Beləliklə, filialda bütün fakültələr üzrə magistratura fəaliyyət göstərəcək. Bu və digər uğurlar MDU-nun Bakı Filialının rektoru, akademik Nərgiz Paşayevanın böyük xidmətləri sayəsində reallaşıb. Habelə MDU-nun rektoru Viktor Sadovniçi Bakı Filialına lazım olan köməyi hər zaman göstərib. Filial təkcə təhsil müəssisəsi deyil, eyni zamanda, Azərbaycanda nüfuzlu elmi-tədris mərkəzidir. Yəni burada elmi tədqiqatlar da aparmaq mümkündür. MDU-nun Bakı Filialı Belarusun, Qazaxıstanın, Rusiyanın (Moskva) elmi, pedaqoji mərkəzləri ilə birgə layihələr reallaşdırır. Tələbələr müxtəlif ölkələrdə təcrübə keçirlər. Bakı Filialı 2015-ci ildə 47-ci Beynəlxalq Kimya Olimpiadasına ev sahibliyi edib. 2017-ci ildən etibarən burada Rus Coğrafiya Cəmiyyətinin “Coğrafi imla” tədbiri keçirilir. Hər şənbə-bazar günü filialda (Elmlər Akademiyası metrosunun yaxınlığında) MDU-nun müəllimləri bazar günü məktəbi keçirlər. Bütün məşğələlər pulsuzdur. Filialın tələbələri nəinki keyfiyyətli tədris alır, həmçinin özlərinə yeni dostlar, o cümlədən MDU-nun müəllimləri simasında dostlar qazanırlar”, - deyə professor Yuri Sadovniçi vurğulayıb.
Xatırladaq ki, filialda tədris 2012-ci ildən əsasən Xocasəndə yerləşən mükəmməl kampusda aparılır. Burada tələbələrin təhsili və istirahəti üçün hər cür şərait yaradılıb. Tədris rus dilində, əyani təhsil formasında, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin tədris planları və proqramları əsasında müasir innovasiya texnologiyaları və tədris üsullarının tətbiqi ilə keçirilir. Məzunlara bütün dünyada tanınan M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin diplomu verilir.