İQTİSADİYYAT
“Prokon” “LukOil Nijeqorodneftorqsintez” müəssisəsinin əsaslı təmiri layihəsi çərçivəsində müqavilə imzalayıb
“Prokon Construction and Engineering” şirkəti “LukOil Nijeqorodneftorqsintez” müəssisəsinin əsaslı təmiri üçün müqavilə imzalayıb.
Müqavilə çərçivəsində “Prokon” şirkəti 2020-2022-ci illərdə “LukOil Nijeqorodneftorqsintez” müəssisəsində dayanma və yenidənqurma aparılan müddət çərçivəsində mexaniki-montaj işlərini həyata keçirəcək. İlk planlaşdırılmış dayanma 2020-ci ilin aprel və may aylarında baş tutacaq, “Prokon” şirkəti 60 gün ərzində boru materialının demontaj işlərini aparacaq və WDI borular quraşdıracaq. Layihəyə cəlb olunan işçi heyətinin 40 faizi Azərbaycan vətəndaşlarıdır. “LukOil Nujneqorodneftorqsintez” 2020-2022-ci illərdəki növbəti əsaslı təmir işləri haqqında “Prokon” şirkətinə müqaviləyə əlavələr vasitəsilə ətraflı məlumat təqdim edəcək.
“Fəaliyyətini genişləndirən “Prokon” 2019-cu ildə Rusiyada “Prokon Construction and Engineering” şirkətini yaratdı. Yeni bazara daxil olmaqla “Prokon” əhəmiyyətli təcrübəni ixrac etməyə və Azərbaycandan peşəkar işçi qüvvəsi cəlb etməklə Rusiya bazarına öz töhfəsini verməyə başladı. Bu müqavilə bazarda oturuşma və bazarın öyrənilməsi baxımından atılmış böyük bir addımdır”, - deyə Rusiyadakı “Prokon Construction and Engineering” şirkətinin baş direktoru Özgür Karan bildirib.
Böyük Britaniyada qeydiyyatdan keçmiş “Nobel Oil Services” şirkətinin tikinti və layihələrin idarə edilməsi üzrə törəmə müəssisəsi olaraq 2012-ci ildə Azərbaycanda yaradılan “Prokon” şirkəti sənaye obyektlərinin tikintisi üzrə irimiqyaslı layihələr icra edən aparıcı yerli şirkətlərdən birinə çevrilib. Şirkət həm əməliyyat, həm də maliyyə fəaliyyətində ən yüksək standartlara riayət edir.