CƏMİYYƏT


Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı müsabiqənin ilkin mərhələsi olan test imtahanı keçirilib

Bakı, 9 avqust, AZƏRTAC 

Xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş dövlətçilik siyasətini yeni mərhələdə uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ötən illər ərzində həyata keçirilmiş ardıcıl və sistemli tədbirlər nəticəsində Azərbaycan gəncliyinin hərtərəfli inkişafı istiqamətində mühüm addımlar atılıb, gənclərin ictimai həyatın bütün sahələrində fəal iştirakına geniş imkanlar yaradılıb.

Ölkədə reallaşdırılan dövlət gənclər siyasətinin prokurorluq orqanlarında da davam etdirilməklə ali hüquq təhsilli gənc hüquqşünasların müsabiqə yolu ilə işə qəbulu prokurorluğun kadr tərkibinin yüksək ixtisaslı mütəxəssislər hesabına yenidən formalaşmasını təmin edib.

Avqustun 9-da Baş Prokurorluq tərəfindən Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş “Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında” Əsasnamənin tələblərinə müvafiq olaraq elan edilmiş sayca 20-ci müsabiqənin ilkin mərhələsi olan test imtahanı keçirilib.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, prokurorluq orqanlarına işə qəbulla əlaqədar namizədlərin iştirakı ilə saat 10:00-dan başlayaraq üç saat ərzində vahid auditoriyada – Bakı İdman Sarayında Dövlət İmtahan Mərkəzi ilə əlaqəli şəkildə keçirilən imtahanı dövlət qurumlarının nümayəndələri ilə yanaşı, qeyri-hökumət və beynəlxalq təşkilatların, habelə kütləvi informasiya vasitələrinin nümayəndələri müşahidə ediblər.

İmtahan başa çatdıqdan sonra namizədlərin cavab kartları Dövlət İmtahan Mərkəzində yoxlanılıb və müsabiqənin növbəti mərhələsi olan yazılı imtahanda 128 namizədin iştirak etmək hüququ qazandığı müəyyənləşdirilib.

Nəticələr Dövlət İmtahan Mərkəzinin (www.dim.gov.az), Baş Prokurorluğun (www.prokurorluq.gov.az, www.genprosecutor.gov.az) və AZƏRTAC-ın (www.azertag.gov.az) internet saytlarında yerləşdirilib.

İmtahanda uğurlu nəticə əldə etmiş namizədlərin diqqətinə çatdırılır ki, yazılı imtahanın keçiriləcəyi yer və vaxt barədə kütləvi informasiya vasitələrində və Baş Prokurorluğun internet saytında əlavə məlumat veriləcək.

Test imtahanının nəticələri bu keçiddə təqdim olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.