RƏSMİ SƏNƏDLƏR


“Prokurorluq orqanlarında qulluqda fərqlənməyə görə” Azərbaycan Respublikası medalının təsviri

Azərbaycan Respublikasının
2022-ci il 5 noyabr tarixli
Qanunu ilə təsdiq edilmişdir

Maddə 1. Medalın ümumi təsviri

“Prokurorluq orqanlarında qulluqda fərqlənməyə görə” Azərbaycan Respublikasının medalı (bundan sonra – medal) bürüncdən tökülmüş və qızıl suyuna çəkilmiş, diametri 36 mm olan səkkizguşəli ulduz formalı lövhədən ibarətdir.

Maddə 2. Medalın ön tərəfi

2.1. Medalın ön tərəfində hər bir guşəsi qabarıq olan səkkizguşəli ulduzun üzərində daxili və xarici çevrələrlə konturlanmış dairəvi lövhə yerləşdirilmişdir.

2.2. Xarici və daxili konturların arasında aşağı hissənin mərkəzində diametri 2 mm olan səkkizguşəli ulduz həkk edilmiş, ulduzun sol tərəfindən başlayaraq qövs boyunca “PROKURORLUQ ORQANLARINDA QULLUQDA FƏRQLƏNMƏYƏ GÖRƏ” sözləri yazılmışdır.

2.3. Daxili çevrənin mərkəzində Azərbaycan Prokurorluğunun rəsmi emblemi həkk olunmuş, emblemin sol və sağ tərəflərində palıd yarpağından çələnglər təsvir edilmişdir. Çələnglərin yuxarı hissələrinin arasında, mərkəzdə diametri 3 mm olan səkkizguşəli ulduz həkk olunmuşdur.

2.4. Medalın ön tərəfinin səthi nahamardır, yazılar və təsvirlər relyeflidir, qızılı rəngdədir.

Maddə 3. Medalın arxa tərəfi

3.1. Medalın arxa tərəfi hamar səthlidir, mərkəzində qızılı rəngli fonda “AZƏRBAYCAN RESPUBLİKASININ PROKURORLUĞU” sözləri yazılmışdır.

3.2. Medalın arxa tərəfinin aşağı hissəsində medalın seriyası və nömrəsi göstərilir.

Maddə 4. Medalın elementləri

4.1. Medal paltarın yaxasına bərkidilmək üçün elementi olan, üst və alt hissələrinə 40 mm x 5,5 mm ölçülü qızılı rəngli hamar metal lövhə bərkidilmiş, 37 mm x 50 mm ölçülü düzbucaqlı xara lentə iki halqa və ilgək vasitəsilə birləşdirilir.

4.2. Göy rəngli xara lentin hər iki kənarından mərkəzə doğru ardıcıl olaraq 1 mm enində sarı, 1 mm enində göy, 3 mm enində sarı, 1 mm enində göy və 1 mm enində sarı rəngli şaquli zolaqlar təsvir edilmişdir.

4.3. Medala paltarın yaxasına bərkidilmək üçün elementi olan, eyni xara lentdən üz çəkilmiş 37 mm x 10 mm ölçülü qəlib əlavə olunur.

“Prokurorluq orqanlarında qulluqda fərqlənməyə görə”
Azərbaycan Respublikasının medalı
 
 
 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin