RƏSMİ SƏNƏDLƏR


Psixoloji yardım haqqında
Azərbaycan Respublikasının Qanunu

Bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndinə uyğun olaraq, Azərbaycan Respublikasında psixoloji yardım göstərilməsinin hüquqi əsaslarını, psixoloji yardım alan şəxslərin və psixoloqların hüquqlarını və vəzifələrini müəyyən edir, bu sahədə yaranan münasibətləri tənzimləyir. 

1-ci fəsil

ÜMUMİ MÜDDƏALAR

Maddə 1. Əsas anlayışlar

1.0. Bu Qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir:

1.0.1. psixoloji yardım – psixoloji problemlərin həlli, stress vəziyyətlərin nəticələrinin aradan qaldırılması, şəxsiyyətlərarası münasibətlərin və psixi sağlamlığın yaxşılaşdırılması, şəxsiyyətin inkişafı, sosial adaptasiya məqsədi ilə psixoloji prinsiplər və metodlar əsasında həyata keçirilən tədbirlər;

1.0.2. psixoloq – bu Qanunla müəyyən edilmiş tələblərə cavab verən, psixoloq ixtisası üzrə ali təhsil almış və ya “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq əlavə təhsilalma formasında psixoloq ixtisasını əldə etmiş və psixoloji yardım göstərmək hüququ olan şəxs;

1.0.3. psixoloji yardım alan şəxs – mürəkkəb psixoloji vəziyyətlə bağlı psixoloji yardım göstərən şəxsə müraciət edən şəxs (şəxslər);

1.0.4. psixoloji yardım standartları – psixoloji yardımın növünə, formasına, müddətinə və keyfiyyətinə dair müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən minimum tələblərin məcmusu;

1.0.5. ilkin psixoloji yardım – fövqəladə hadisələr zamanı zərər çəkmiş şəxslərdə kəskin stress əlamətlərinin azaldılması və əsas insani tələbatların ödənilməsinə yönəlmiş qeyri-ixtisaslaşdırılmış tədbirlər;

1.0.6. psixoanaliz – psixi pozuntuların müalicəsinə dair psixoloji nəzəriyyə və psixoterapevtik müalicə üsulu;

1.0.7. böhran vəziyyəti – şəxsin müstəqil aradan qaldıra bilmədiyi və psixoloji problemlərin yaranmasına səbəb olan hallar;

1.0.8. təcili psixoloji yardım – böhran vəziyyətində olan şəxslərə göstərilən ixtisaslaşdırılmış psixoloji yardım;

1.0.9. ailə terapiyası – ailələrə psixoloji yardım göstərilməsinə yönəlmiş psixoterapiyanın müstəqil bölməsi;

1.0.10. davranış psixologiyası – davranış prinsiplərini öyrənən psixologiya sahəsi;

1.0.11. neyropsixologiya – psixoloji proseslərlə əlaqədar mərkəzi sinir sisteminin strukturu və funksiyalarını öyrənən psixologiya sahəsi;

1.0.12. psixopatologiya – psixi fəaliyyətin pozulmasını öyrənən psixologiya sahəsi;

1.0.13. klinik (tibbi) psixologiya – psixi halların xəstəliklərlə qarşılıqlı əlaqəsini öyrənən psixologiya sahəsi;

1.0.14. klinik (tibbi) psixoloq – bu Qanunla müəyyən edilmiş tələblərə cavab verən, təhsili klinik (tibbi) psixologiya üzrə magistr dərəcəsindən aşağı olmayan və ixtisası üzrə ən azı 1 (bir) il iş təcrübəsi olan və səhiyyə müəssisələrində psixoloji yardım göstərmək hüququ olan şəxs;

1.0.15. psixoloji problem – şəxsin özü, peşə fəaliyyəti, şəxsiyyətlərarası münasibətlər, ailə vəziyyəti və (və ya) şəxsi həyatının digər problemləri ilə bağlı psixoloji narahatlığı;

1.0.16. klinik psixoloji yardım – klinik (tibbi) psixoloqlar tərəfindən psixoterapiya, psixoloji müayinə (diaqnostika), psixoloji reabilitasiya və psixoloji korreksiya, habelə psixoloji məsləhət formalarında göstərilən psixoloji yardım.

Maddə 2. Psixoloji yardım haqqında Azərbaycan Respublikasının qanunvericiliyi

Psixoloji yardım haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, bu Qanundan, digər normativ hüquqi aktlardan və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir.

Maddə 3. Qanunun tətbiq dairəsi

3.1. Bu Qanun Azərbaycan Respublikasının vətəndaşlarına, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə, habelə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən, təşkilati hüquqi formasından asılı olmayaraq, bütün hüquqi şəxslərə, xarici hüquqi şəxslərin filial və nümayəndəliklərinə şamil edilir.

3.2. “Psixoloq”, “psixoloji”, “psixoanaliz”, “psixodiaqnostika”, “psixoterapiya” sözlərindən və bu sözləri özündə əks etdirən söz birləşmələrindən adında və digər rekvizitlərində yalnız bu Qanuna uyğun olaraq psixoloji yardım göstərmək hüququ olan şəxslər tərəfindən istifadə edilməsinə yol verilir.

3.3. Bu Qanunun müddəaları aşağıdakı hallara şamil edilmir:

3.3.1. “Psixiatriya yardımı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həkim tərəfindən həyata keçirilən psixiatriya yardımına;

3.3.2. Azərbaycan Respublikasının inzibati xətalar, cinayət və mülki prosessual qanunvericiliyinə uyğun olaraq təyin edilmiş psixoloji ekspertizaya;

3.3.3. Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə müəyyən edilmiş peşə fəaliyyəti yüksək təhlükə mənbəyi ilə bağlı olan iş yerlərində işə qəbul, Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə hərbi xidmətə və xüsusi təyinatlı təhsil müəssisələrinə qəbulla əlaqədar psixoloji müayinəyə.

Maddə 4. Psixoloji yardımın növləri və formaları

4.1. Psixoloji yardımın növləri aşağıdakılardır:

4.1.1. psixoloji profilaktika və maarifləndirmə – psixoloji problemləri yaradan amillər və şəraitlər haqqında məlumatlanma;

4.1.2. psixoloji konsultasiya – şəxsin psixoloji problemlərini başa düşməsi və həll etməsi üçün göstərilən yardım prosesi;

4.1.3. psixoloji dəstək – şəxsin adaptasiya qabiliyyətinə təsir edə biləcək psixoloji problemlərin aşkar edilməsi və qarşısının alınması;

4.1.4. psixoloji müayinə (diaqnostika) – şəxsin normal həyat ahəngini pozan, onun davranış və münasibətlər sisteminə təsir edən psixoloji problemlərinin öyrənilməsi və göstəriləcək psixoloji yardımın növünü, formasını və həcmini düzgün müəyyən etmək məqsədi ilə psixoloji yardım alan şəxsin fərdi-psixoloji xüsusiyyətlərinin qiymətləndirilməsi;

4.1.5. psixoterapiya – psixoloji metodlardan istifadə edərək psixi pozuntuların müalicəsi;

4.1.6. psixoloji reabilitasiya və psixoloji korreksiya – psixi sağlamlıq problemləri olan şəxsin psixososial uyğunlaşması və səmərəli sosial davranışının bərpa olunması və ya inkişafı;

4.1.7. psixoloji treninq (psixoloji təlim) – psixologiya sahəsi ilə əlaqəli olan yeni biliklərin, vərdişlərin və münasibətlərin inkişafına yönəlmiş aktiv öyrənmə üsulu.

4.2. Psixoloji yardım aşağıdakı formalarda həyata keçirilir:

4.2.1. psixoloji yardım alan şəxslə mütəxəssis arasında qarşılıqlı əlaqənin formasından asılı olaraq - bilavasitə və vasitəli (telefon, internet və digər texniki vasitələrdən istifadə etməklə);

4.2.2. iştirakçıların sayından və tərkibindən asılı olaraq – fərdi, ailə, qrup;

4.2.3. davam etmə müddətindən asılı olaraq – təcili, birdəfəlik, qısamüddətli (12 məşğələyə qədər), uzunmüddətli (12 məşğələdən çox).

2-ci fəsil

PSİXOLOJİ YARDIM SAHƏSİNDƏ DÖVLƏT SİYASƏTİ

Maddə 5. Psixoloji yardım sahəsində dövlətin vəzifələri

5.1. Dövlət vətəndaşların vaxtında, keyfiyyətli psixoloji yardım almaq hüququna təminat verir.

5.2. Psixoloji yardım sahəsində dövlətin vəzifələri aşağıdakılardır:

5.2.1. psixoloji problemlərinin yaranması riski yüksək olan əhali qrupları arasında mürəkkəb psixoloji vəziyyətlərin və onların nəticələrinin profilaktikası və aradan qaldırılması;

5.2.2. psixoloji yardım sahəsində dövlət siyasətinin formalaşdırılması və həyata keçirilməsi, o cümlədən bu sahədə normativ hüquqi aktların, dövlət standartlarının və dövlət proqramlarının işlənib hazırlanması, qəbul edilməsi və həyata keçirilməsi;

5.2.3. Azərbaycan Respublikası əhalisinin psixoloji rifahını təmin edən və həyat keyfiyyətlərini yüksəldən şəraitin yaradılması;

5.2.4. psixi sağlamlığın profilaktikası, psixi inkişafın optimallaşdırılması, adaptasiya, şəxsin cəmiyyətə inteqrasiyası və reabilitasiyanın dəstəklənməsi;

5.2.5. psixoloji yardım göstərən mütəxəssislərin hazırlanması və ixtisas səviyyəsinin yüksəldilməsi;

5.2.6. psixoloji yardım sahəsində dövlət orqanlarının, bələdiyyələrin və qeyri-hökumət təşkilatlarının fəaliyyətinin əlaqələndirilməsi;

5.2.7. psixoloji konsultasiya və maarifləndirmə fəaliyyətinin həyata keçirilməsi, o cümlədən sosial reklam çarxlarının hazırlanması və yayımlanması, qaynar xəttin təşkili;

5.2.8. psixoloji yardım sahəsində nəzarətin həyata keçirilməsi;

5.2.9. psixoloji yardım sahəsində beynəlxalq əməkdaşlıq.

Maddə 6. Psixoloji yardımın maliyyələşdirilməsi

6.1. Psixoloji yardım ödənişsiz və ya ödənişli əsaslarla göstərilir.

6.2. Aşağıdakı şəxslərin ödənişsiz psixoloji yardım almaq hüququ vardır:

6.2.1. “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq təcili və təxirəsalınmaz hallarda Azərbaycan Respublikası vətəndaşlarının;

6.2.2. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq təhsil müəssisələrində təhsilalanların;

6.2.3. “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tutulmuş və həbs edilmiş şəxslərin;

6.2.4. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinə uyğun olaraq penitensiar müəssisələrdə cəza çəkən şəxslərin;

6.2.5. “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq cəza çəkməkdən azad edilmiş şəxslərin;

6.2.6. “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq məişət zorakılığından zərər çəkmiş şəxslərin;

6.2.7. Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət keçən hərbi qulluqçuların;

6.2.8. “Sosial xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sosial xidmətə götürülmüş şəxslərin (ailələrin);

6.2.9. fövqəladə hadisə zamanı zərər çəkmiş şəxslərin, onların ailə üzvlərinin, habelə fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılmasında iştirak edən şəxslərin;

6.2.10. kollektiv əmək müqaviləsində nəzərdə tutulduğu hallarda Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə müəyyən edilmiş peşə fəaliyyəti yüksək təhlükə mənbəyi ilə bağlı olan şəxslərin;

6.2.11. “Əlilliyi olan şəxslərin hüquqları” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tibbi-sosial reabilitasiyası zamanı əlilliyi olan şəxslərin;

6.2.12. “İnsan alverinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq insan alverinin qurbanı olmuş şəxslərin.

6.3. Qanunla ödənişsiz psixoloji yardımın göstərilməsinin digər halları da nəzərdə tutula bilər.

6.4. Bu Qanunun 6.2.1-ci maddəsində nəzərdə tutulmuş halda, psixoloji yardım şəxsin yaşayış yeri və ya olduğu yer üzrə dövlət ambulator-poliklinika müəssisəsində və ya həmin müəssisənin göndərişi ilə ixtisaslaşdırılmış dövlət tibb müəssisəsində göstərilir.

6.5. Ödənişsiz psixoloji yardımın göstərilməsi qaydası və şərtləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.

6.6. Bu Qanunun 6.2-ci maddəsində göstərilən hallar istisna olmaqla, digər hallarda psixoloji yardım göstərən şəxs tərəfindən psixoloji yardım müqavilə əsasında ödənişli qaydada göstərilir.

6.7. Psixoloji yardım göstərən şəxslə psixoloji yardım alan şəxsin münasibətləri, eləcə də psixoloji yardım göstərən şəxsə ödəniləcək xidmət haqqının məbləği onlar arasında bağlanmış müqavilə ilə tənzimlənir.

Maddə 7. Psixoloji problemlərinin yaranma riski yüksək olan əhali qrupları arasında profilaktik tədbirlərin həyata keçirilməsi

7.1. Müvafiq icra hakimiyyəti orqanın müəyyən etdiyi orqanlar (qurumlar) tərəfindən fövqəladə hadisələr zamanı zərər çəkmiş şəxslərə psixoloji yardımın göstərilməsi və onların psixoloji fəsadlarının aradan qaldırılması məqsədilə zəruri tədbirlər həyata keçirilir.

7.2. İşəgötürənlər bu Qanunun 6.2.10-cu maddəsində nəzərdə tutulmuş şəxslərin işəgötürənin vəsaiti hesabına vaxtaşırı psixoloji müayinədən keçməsi və onun nəticəsindən asılı olaraq psixoloji yardımla təmin edilməsi üçün tədbirlər görməlidirlər.

7.3. Əlilliyi olan şəxslərin tibbi-sosial reabilitasiyası onlara psixoloji yardımın göstərilməsi ilə bağlı tədbirləri də nəzərdə tutmalıdır.

7.4. Fiziki və hüquqi şəxslər əməyin təşkili, stressin aradan qaldırılması, münaqişələrin həlli, işçilərin iş potensialının artırılması və digər məsələlər ilə bağlı psixoloji yardım göstərən şəxslə bağlanmış müqavilə əsasında məsləhətlər və ya psixoloji treninqlər keçirmək hüququna malikdirlər.

 3-cü fəsil

PSİXOLOJİ YARDIMIN PRİNSİPLƏRİ

Maddə 8. Psixoloji yardım göstərilməsinin əsas prinsipləri

Psixoloji yardımın göstərilməsi könüllülük, konfidensiallıq, qanunçuluq, humanistlik, insan və vətəndaş hüquq və azadlıqlarına əməl edilməsi prinsipləri əsasında həyata keçirilir.

Maddə 9. Psixoloji yardımın könüllülüyü

9.1. Psixoloji yardım psixoloji yardım alan şəxsin və ya onun qanuni nümayəndəsinin razılığı əsasında göstərilir. Bu razılıq psixoloji yardım alan şəxsin psixoloji yardımla bağlı könüllü qərar qəbul etdiyini, psixoloji yardımın məqsədini, faydasını, həcmini, müddətini və tətbiq olunan psixoloji yardım metodunu, həmçinin psixoloji yardımdan imtina və onun dayandırılması imkanı barədə ona təqdim edilmiş məlumatı başa düşməsini nəzərdə tutur. Heç kəs psixoloji yardım almağa məcbur edilə bilməz.

9.2. Psixoloji yardım alan şəxs psixoloji yardım göstərən müəssisəni və psixoloqu, o cümlədən psixoloji yardımın növünü və onun göstərilmə şərtlərini sərbəst seçmək hüququna malikdir.

9.3. Psixoloji yardım alan şəxs yardımın alınmasından istənilən vaxt imtina edə və ya onu dayandıra bilər.

9.4. Bu Qanunun 9.5-ci maddəsində nəzərdə tutulan hallar istisna olmaqla, 14 yaşına çatmamış şəxslərə psixoloji yardım yalnız onların valideynlərinin və ya digər qanuni nümayəndələrinin razılığı ilə, 14 yaşı tamam olmuş şəxslərə isə onların razılığı ilə göstərilir.

9.5. 14 yaşına çatmamış şəxslərə valideynlərin və ya digər qanuni nümayəndələrinin razılığı olmadan psixoloji yardımın göstərilməsinə aşağıdakı hallarda yol verilir:

9.5.1. valideynləri və ya digər qanuni nümayəndələri tərəfindən 14 yaşına çatmamış şəxsə münasibətdə qəddar rəftar, fiziki, psixoloji və seksual zorakılıq faktları aşkar edildikdə;

9.5.2. 14 yaşına çatmamış şəxs sosial təhlükəli vəziyyətdə olduqda;

9.5.3. 14 yaşına çatmamış şəxs fövqəladə hadisələrlə üzləşdikdə;

9.5.4. səhiyyə, təhsil və sosial xidmət müəssisələrində kütləvi psixoloji profilaktika tədbirləri həyata keçirildikdə;

9.5.5. 14 yaşına çatmamış şəxs psixoloji yardım almaq üçün telefon, internet və digər texniki vasitələrindən istifadə edərək anonim müraciət etdikdə;

9.5.6. 14 yaşına çatmamış şəxs cinayətin şahidi olduqda və ya cinayətin törədilməsindən zərər çəkdikdə.

9.6. Şəxsin psixoloji vasitə və üsulların sınaqdan keçirilməsinə, elmi tədqiqat işlərində və ya tədris prosesində foto və videoçəkilişlərə cəlb olunması, bu Qanunun 10.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla, psixoloji yardım alan şəxsin və ya onun qanuni nümayəndəsinin razılığı ilə həyata keçirilir.

Maddə 10. Psixoloji yardımın konfidensiallığı və anonimliyi

10.1. Şəxsin psixoloji vəziyyəti, psixoloji yardım almaq üçün müraciəti, təyin olunmuş psixoloji testlərin nəticələri və ona göstərilən psixoloji yardım haqqında məlumatlar konfidensial hesab edilir.

10.2. Bu Qanunun 10.1-ci maddəsində göstərilən məlumatların psixoloji yardım alan şəxsin və ya onun qanuni nümayəndəsinin razılığı olmadan açıqlanması, bu Qanunun 10.3-cü maddəsində nəzərdə tutulan hallar istisna olmaqla, qadağandır.

10.3. Şəxsin və ya onun qanuni nümayəndəsinin razılığı olmadan konfidensial məlumatların açıqlanmasına aşağıdakı hallarda yol verilir:

10.3.1. cinayət mühakimə icraatı zamanı şəxsin psixoloji vəziyyəti ilə əlaqədar məlumatların alınması zərurəti yarandıqda, təhqiqat və istintaq orqanlarının, prokurorun və ya məhkəmənin sorğusu əsasında;

10.3.2. yetkinlik yaşına çatmayanların mənafelərinin qorunması məqsədi ilə mülki məhkəmə icraatı zamanı məhkəmənin sorğusu əsasında;

10.3.3. psixoloqun fəaliyyətində cinayət və ya inzibati xəta tərkibinin əlamətləri aşkar edildikdə;

10.3.4. psixoloji yardım alan şəxsin və digər şəxslərin həyatı və sağlamlığı üçün bilavasitə təhlükə yarandıqda;

10.3.5. ağır və xüsusilə ağır cinayətin hazırlanması və ya törədilməsi barədə məlumat olduqda;

10.3.6. “Psixiatriya yardımı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şəxs məcburi və qeyri-könüllü qaydada psixiatriya müəssisəsinə yerləşdirildikdə;

10.3.7. həqiqi hərbi xidmətə çağırışın və səfərbərliyin təmin olunması məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) sorğusu əsasında.

10.4. Daha uyğun psixoloji yardımın göstərilməsi, psixologiya sahəsində ixtisaslı mütəxəssislərin hazırlanması, fundamental, tətbiqi və eksperimental tədqiqatların aparılması məqsədilə psixoloji yardımın göstərilməsi zamanı üçüncü şəxsin iştirakına və ya məlumatların toplanılmasına yalnız psixoloji yardım alan şəxsin və ya onun qanuni nümayəndəsinin yazılı razılığı ilə yol verilir. Əldə olunan məlumatlardan elmi tədqiqatlarda, nəşrlərdə və kütləvi informasiya vasitələrində istifadəyə bu məlumatların adsızlaşdırılması şərti ilə yol verilir.

10.5. Psixoloji yardım göstərən şəxslər konfidensial məlumatların yayılmasına görə qanunla nəzərdə tutulmuş məsuliyyət daşıyırlar.

10.6. Bu Qanunun 6.2-ci maddəsində göstərilən hallar istisna olmaqla, psixoloji yardım alan şəxsin arzusu ilə ona bu yardım anonim göstərilə bilər.

10.7. Anonim psixoloji yardım psixoloji yardım alan şəxsin göstərdiyi məlumatlar (ad, yaş və s.) əsasında onun şəxsiyyətini təsdiq edən sənəd təqdim olunmadan, psixoloji yardım göstərən şəxslə müqavilə bağlanmadan və psixoloji yardımın nəticələri rəsmiləşdirilmədən göstərilir.

 4-cü fəsil

PSİXOLOJİ YARDIM İŞTİRAKÇILARININ HÜQUQLARI VƏ VƏZİFƏLƏRİ

Maddə 11. Psixoloji yardım göstərmək hüququ olan şəxslər

11.1. Psixoloji yardım bu Qanunun tələbləri nəzərə alınmaqla psixoloji yardım göstərmək hüququ olan şəxslər (psixoloq və ya klinik (tibbi) psixoloq) tərəfindən göstərilir.

11.2. İlkin psixoloji yardım fövqəladə hadisə zamanı hadisə yerində olan və fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılmasına cəlb olunmuş şəxslər, eləcə də ilkin psixoloji yardım göstərmək üzrə müəyyən vərdişləri və təcrübəsi olub, lakin psixologiya ixtisası üzrə təhsil almayan şəxslər tərəfindən də göstərilə bilər.

11.3. Psixoloji yardım göstərmək hüququ olan şəxslərə dair tələblər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunur.

11.4. Şəxsiyyət əleyhinə olan cinayətlər törətməyə görə məhkum edilmiş şəxslər psixoloji yardım göstərə bilməzlər.

11.5. Klinik (tibbi) psixoloq bu Qanunun 18-ci və 19-cu maddələrinin tələbləri nəzərə alınmaqla fəaliyyət göstərir.

11.6. Psixoloji yardım göstərən şəxslərin işlədikləri müəssisələrin rəhbərləri onların əlavə təhsili üçün şərait yaratmalıdırlar.

Maddə 12. Psixoloji yardım göstərmək hüququ olan şəxslərin hüquqları və vəzifələri

12.1. Psixoloji yardım göstərmək hüququ olan şəxslərin aşağıdakı hüquqları vardır:

12.1.1. psixoloji yardım göstərən zaman bu Qanuna uyğun olaraq yardımın növünü, formasını, həcmini, vasitə və üsullarını sərbəst seçmək;

12.1.2. şərəf və ləyaqətini, peşəkar nüfuzunu müdafiə etmək;

12.1.3. bu Qanunda nəzərdə tutulmuş hallarda psixoloji yardım göstərməkdən imtina etmək;

12.1.4. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq əlavə təhsil almaq;

12.1.5. qanunda nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.

12.2. Psixoloji yardım göstərmək hüququ olan şəxslərin vəzifələri aşağıdakılardır:

12.2.1. psixoloji yardım alan şəxsə peşəkar, keyfiyyətli və psixoloji yardım standartlarına uyğun psixoloji yardım göstərmək;

12.2.2. psixoloji yardım alan şəxsə onun hüquqları, vəzifələri, göstərilən yardımın növləri, formaları, şərtləri, qaydaları və ehtimal edilən nəticələri haqqında məlumat vermək;

12.2.3. psixoloji yardım göstərməkdən imtina etdikdə, bunun səbəbləri barədə psixoloji yardım alan şəxsə və ya onun qanuni nümayəndəsinə məlumat vermək;

12.2.4. yardım göstərdikləri şəxslərin hüquqlarına, şərəf və ləyaqətinə hörmətlə yanaşmaq;

12.2.5. psixoloji yardım standartlarına və qaydalarına, psixoloqun peşə etikasına riayət etmək;

12.2.6. bu Qanunun tələblərinə uyğun olaraq psixoloji yardım alan şəxs haqqında məlumatın konfidensiallığını təmin etmək;

12.2.7. psixoloji müayinənin nəticələrinə uyğun olaraq digər yüksək ixtisaslı mütəxəssislərlə psixoloji konsilium təşkil etmək;

12.2.8. qanunda nəzərdə tutulmuş digər vəzifələri həyata keçirmək.

Maddə 13. Psixoloji yardım alan şəxslərin hüquqları və vəzifələri

13.1. Psixoloji yardım alan şəxslərin hüquqları aşağıdakılardır:

13.1.1. bu Qanuna və psixoloji yardım standartlarına uyğun olaraq peşəkar və ixtisaslı psixoloji yardım almaq;

13.1.2. qanuni maraqlarını, şərəf və ləyaqətini müdafiə etmək;

13.1.3. hüquqları, psixoloji problemin xarakteri, tətbiq edilən psixoloji yardım metodları haqqında məlumat almaq;

13.1.4. psixoloji yardımın göstərilməsindən imtina etmək və ya onu dayandırmaq.

13.2. Psixoloji yardım alan şəxslərin vəzifələri aşağıdakılardır:

13.2.1. psixoloji yardım göstərən şəxslə əməkdaşlıq etmək;

13.2.2. psixoloji yardım göstərən şəxsin, digər şəxslərin hüquqlarına, şərəf və ləyaqətinə hörmətlə yanaşmaq;

13.2.3. psixoloji yardımın göstərilməsi ilə bağlı psixoloji yardım göstərən şəxslə bağladığı müqaviləyə əsasən üzərinə götürdüyü öhdəliklərə riayət etmək.

Maddə 14. Psixoloji yardımın göstərilməsindən imtinanın və ya onun dayandırılmasının əsasları

14.1. Psixoloji yardım göstərən şəxslərin aşağıdakı hallarda bu yardımı göstərməkdən imtina etmək və ya dayandırmaq hüququ vardır:

14.1.1. psixoloji yardım göstərilməsinə əsas olmadıqda;

14.1.2. psixoloji yardımın göstərilməsinə əks-göstərişlər olduqda;

14.1.3. şəxs və ya onun qanuni nümayəndəsi psixoloji yardımın göstərilməsinə razılıq verməkdən imtina etdikdə;

14.1.4. psixoloji yardım alan şəxsin tələbi ilə psixoloji yardım göstərən şəxsin təklif etdiyi psixoloji yardım növü arasında uyğunsuzluq olduqda;

14.1.5. psixoloji yardım alan şəxs psixoloji yardım göstərən şəxslə bağladığı müqaviləyə riayət etmədikdə;

14.1.6. psixoloji yardım göstərən şəxsin həyat və sağlamlığı üçün təhlükə yarandıqda.

14.2. Psixoloji yardım göstərən şəxs bu yardımın göstərilməsindən imtina etdikdə və ya yardımı dayandırdıqda bunun səbəblərini yazılı şəkildə açıqlamalı və bu barədə psixoloji yardım alan şəxsi və ya onun qanuni nümayəndəsini, müqavilə bağladığı, eləcə də fəaliyyət göstərdiyi müəssisəsinin müdiriyyətini məlumatlandırır.

5-ci fəsil

TƏHSİL VƏ SƏHİYYƏ MÜƏSSİSƏLƏRİNDƏ PSİXOLOJİ YARDIMIN XÜSUSİYYƏTLƏRİ

Maddə 15. Təhsil müəssisələrində psixoloji yardım

15.1. Azərbaycan Respublikasında təhsilin bütün pillə və səviyyələrində sağlam psixoloji mühiti, fərdi inkişafı və təhsil alanların psixoloji tələbatlarını təmin etmək məqsədilə psixoloji yardım göstərilməsinə təminat verilir.

15.2. Təhsil müəssisələrində psixoloji yardım “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada bu Qanunun 16-cı və 17-ci maddələrinin tələblərinə riayət edilməklə həyata keçirilir.

Maddə 16. Təhsil müəssisələrində psixoloji müayinə

16.1. Təhsil müəssisələrində psixoloji müayinə təhsilalanın ehtiyaclarını müəyyənləşdirmək məqsədilə aparılır və onun maraqları ilə ziddiyyət təşkil edə bilməz.

16.2. Psixoloji müayinə təhlükəsizliyi və konfidensiallığı təmin edən şəraitdə həyata keçirilməlidir.

16.3. Təhsil müəssisələrində aparılmış psixoloji müayinənin nəticələri barədə məlumat aşağıdakı şəxslərə verilir:

16.3.1. müayinə olunan şəxsin özünə və (və ya) onun qanuni nümayəndəsinə;

16.3.2. bilavasitə tədrisi həyata keçirən müəllimə (müəllimlərə), təhsil müəssisəsinin rəhbərinə 14 yaşına çatmamış şəxslər barəsində yalnız qanuni nümayəndənin, 14 yaşı tamam olmuş şəxslər barəsində isə özünün razılığı olduqda.

16.4. Psixoloji müayinənin nəticələri təhsilalanın valideynləri və ya digər qanuni nümayəndələri ilə müzakirə olunmalıdır və psixoloji yardımın digər növlərinin tətbiqinə ehtiyac yarandıqda bu Qanunun 9.5-ci maddəsinin tələblərinə riayət edilməlidir.

Maddə 17. Təhsil prosesinin digər iştirakçıları ilə əməkdaşlıq

17.0. Təhsil müəssisələrində psixoloji yardım göstərən şəxs:

17.0.1. təhsil müəssisələrində psixoloji yardım göstərilməsi ilə bağlı bilavasitə tədrisi həyata keçirən müəllimi (müəllimləri), təhsil müəssisəsinin rəhbəri, valideynlər və digər qanuni nümayəndələr ilə əməkdaşlıq etməli, ehtiyac olduqda onlara peşəkar məsləhətlər verməlidir;

17.0.2. təhsilalanın psixoloji ehtiyacları və problemləri haqqında valideynləri məlumatlandırmalı və onlara məsləhət verməli, ehtiyac olduqda onlar üçün profilaktik psixoloji tədbirlər təşkil etməlidir.

Maddə 18. Səhiyyə müəssisələrində psixoloji yardım göstərmək hüququ olan şəxslər

18.1. Mülkiyyət növündən asılı olmayaraq səhiyyə müəssisəsində psixoloji yardımın klinik (tibbi) psixoloqlar tərəfindən həyata keçirilir. Klinik psixoloqların fəaliyyət dairəsinə psixopatologiya, inkişaf psixologiyası, neyropsixologiya, davranış psixologiyasının əsasları, sağlamlıq psixologiyası və psixoterapiya daxildir.

18.2. Klinik (tibbi) psixoloqlar səhiyyə müəssisələrində psixoloji yardım göstərmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqandan (qurumdan) ixtisas attestatı almalıdırlar.

18.3. Bu Qanunun 18.2-ci maddəsində nəzərdə tutulan ixtisas attestatının forması və verilməsi, attestatın qüvvədə olma müddətinin dayandırılması və ya onun ləğv edilməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.

Maddə 19. Səhiyyə müəssisələrində psixoloji yardım

19.1. Səhiyyə müəssisələrində psixoloji yardım aşağıdakıları əhatə edir:

19.1.1. psixoloji testlər vasitəsilə psixi (zehni, emosional, davranış) və (və ya) interpersonal pozuntuların, psixoloji tələbatların və ya problemlərin müəyyənləşdirilməsi və qiymətləndirilməsi;

19.1.2. psixoloji və psixi sağlamlıqla bağlı olan məsələlər üzrə tövsiyələrin (məsləhətlərin) verilməsi;

19.1.3. psixi və ya fiziki sağlamlıqla bağlı olan problemlərdən əziyyət çəkən insanlara müxtəlif psixoloji yardım növlərinin, o cümlədən psixoterapiya, ailə terapiyası və psixoloji reabilitasiya və psixoloji korreksiya yardımların göstərilməsi.

19.1.4. psixoloji yardım alan şəxsləri, onların ailə üzvlərini, onlara yardım göstərən tibb işçilərini psixoloji və psixi sağlamlıq məsələləri ilə bağlı maarifləndirmək və tövsiyələr vermək.

19.2. Klinik psixoloji yardım yalnız səhiyyə müəssisələrində göstərilir.

19.3. Klinik psixoloji yardım göstərilməsi zamanı klinik (tibbi) psixoloq tərəfindən dərman preparatlarının təyin, o cümlədən insan orqanizmini mexaniki və ya digər təsirlərə (cərrahiyyə, lazer, ionlaşdırıcı şüa, ultrasəs, elektrokonvulsiv terapiya) məruz qoyan müalicə üsullarından istifadə edilməsi qadağandır.

19.4. Səhiyyə müəssisələrində psixoloji yardımın göstərilməsinə nəzarət tibb müəssisəsinin rəhbərliyi və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanlar (qurumlar) tərəfindən həyata keçirilir.

19.5. Psixoloji vəziyyətin qiymətləndirilməsi, psixoloji problemlərin aşkarlanması və ehtimal olunan psixi pozuntunun diaqnozunun dəqiqləşdirilməsi məqsədilə səhiyyə müəssisələrinin psixoloji müayinə keçirmək hüququ vardır. Psixoloji müayinənin nəticələri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi formaya uyğun olaraq tərtib olunur.

6-cı fəsil

YEKUN MÜDDƏALAR

Maddə 20. Psixoloji yardım sahəsində tədqiqatlar

20.1. Psixoloji yardım sahəsində psixoloji yardım alan şəxslərin həyatına, sağlamlığına, psixoloji rifahına və ya ləyaqətinə zərər yetirə biləcək tədqiqatların aparılması qadağandır.

20.2. Şəxsin psixoloji tədqiqat işlərində obyekt kimi istifadəyə cəlb olunması bu Qanunun 9.6-cı maddəsinə uyğun olaraq həyata keçirilir.

20.3. Psixoloji tədqiqat aparan elmi təşkilatlarda psixoloji yardımın göstərilməsi ilə bağlı etik davranış məsələlərinə baxan etika komissiyaları yaradılmalı və bu cür tədqiqatların aparılması həmin komissiya ilə razılaşdırılmalıdır.

20.4. Uzunmüddətli psixoloji tədqiqatların aparılması zamanı şəxsin yazılı razılığının qüvvədə olma müddəti 1 (bir) ildir.

20.5. Psixoloji tədqiqat aparan subyektlər iştirakçıların anonimliyinin qorunmasına və məlumatların konfidensiallığının saxlanılmasına görə məsuliyyət daşıyırlar.

Maddə 21. Qanunun pozulmasına görə məsuliyyət

Bu Qanunun tələblərinin pozulmasına görə şəxslər Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və Azərbaycan Respublikasının Cinayət Məcəlləsində müəyyən edilmiş hallarda məsuliyyət daşıyırlar.

Maddə 22. Keçid müddəa

Bu Qanunla klinik (tibbi) psixoloq kimi fəaliyyət göstərmək üçün müəyyən edilmiş tələblər bu Qanun qüvvəyə minənədək psixoloq kimi fəaliyyət göstərən şəxslərə şamil edilmir.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 7 dekabr 2018-ci il.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin