İQTİSADİYYAT
Pulitzer mükafatı laureatı: OPEC-in neft bazarındakı önəmi yenidən artdı
Bakı, 27 may, Nihad Budaqov, AZƏRTAC
Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) neft bazarındakı önəmi yenidən artdı.
AZƏRTAC “CNBC” kanalına istinadla xəbər verir ki, bunu Pulitzer mükafatı laureatı, “IHS” beynəlxalq enerji müşavirliyi şirkətinin vitse-prezidenti Daniel Yergin deyib.
O, “qara qızıl”ın aşağı qiymətindən mənfi təsirlənən OPEC ölkələrinin neft gəlirlərinə söykənən iqtisadiyyata diqqəti yönəldərək kartel üzvlərinin neftin ucuz qiymətinin təzyiqini hiss etdiyini bildirib. OPEC-in keçən ilin noyabr ayına qədər neft hasilatı səviyyəsində və ümumi təklifdə dəyişiklik etmədiyini xatırladan D.Yergin bunun qlobal bazarda kartelin mövqeyinə mənfi təsir göstərdiyini vurğulayıb.
D.Yergin OPEC-in ötən il noyabrın 30-da qəbul etdiyi neft hasilatının səviyyəsinin azaldılması üzrə sazişin müddətini gələn il martın 31-dək uzatmasını şərh edərkən deyib: “OPEC xam neft təklifini dəyişərək qiymətə təsir edən “qüvvə”yə çevrildi. Bu da kartelin qlobal neft bazarındakı önəmini yenidən artırdı”.
O, üç il əvvəl neftin qiymətinin ilk dəfə ucuzlaşmağa başladığı dövrdə ABŞ istehsalçılarının dünya miqyasında digər istehsalçılarla daha çətin rəqabət etdiyini və bu vəziyyətin artıq dəyişdiyini deyib: “2014-cü ilin iyununda, yəni neftin qiyməti ilk dəfə ucuzlaşmağa başlayanda hamı qiymətlərin 70-80 dollar/barrelədək geriləyəcəyini düşünürdü. Lakin neftin qiyməti daha da ucuzlaşdı. Bu vəziyyət isə ABŞ-dakı hasilatçılara müsbət təsir etdi və hazırda qitədə şist nefti istehsalının ikinci dövrü başlayıb. Üç il əvvəl ilə müqayisədə ölkənin neft sənayesində çox fərqli bir vəziyyət yaranıb. Buna baxmayaraq ABŞ-ın neft istehsalının gələn il böyük həcmdə artım göstərəcəyini düşünmürəm”.
ABŞ-ın neft sektorunda texnoloji yeniliklər sayəsində neftin istehsal xərcinin hər barrelə görə 40-50 dollara düşdüyünü bildirən D.Yergin beynəlxalq neft istehsalçılarının da “yeni neft sistemi”nə uyğunlaşmağa çalışdığını qeyd edib.
Qeyd edək ki, təxminən 9 il əvvəl şist neft istehsalına başlayan və zaman keçdikcə bu texnologiyanı sürətləndirən ABŞ 2008-2016-cı illəri əhatə edən dövrdə xam neft istehsalını gündəlik orta hesabla 5 milyon barreldən 8,87 milyon barrelə çatdırıb, yəni 77 faiz artırıb.