İQTİSADİYYAT
QARABAĞA “BÖYÜK QAYIDIŞ” PROQRAMI HAZIRDIR
Bakı, 17 fevral (AZƏRTAC). Azərbaycan hökuməti məcburi köçkünlərin Qarabağa “Böyük Qayıdış” proqramını hazırlamışdır. Ölkədə fəaliyyət göstərən səfirliklər, beynəlxalq təşkilatlar və dövlət qurumlarının nümayəndələri də bu proqramın hazırlanmasına cəlb olunmuşlar. Proqram təxminən 60 milyard dollar məbləğində qiymətləndirilmişdir.
Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bildirmişdir ki, yeni qəsəbələrin salınması və köçürmələr zamanı müəyyən təcrübə əldə edilsə də, “Böyük qayıdış” proqramı əhəmiyyətinə görə daha mühümdür. Dağlıq Qarabağ münaqişəsi həll olunan kimi bu proqram mərhələli şəkildə həyata keçiriləcəkdir.
Komitə sədri, həmçinin köçkünlərlə bağlı həyata keçirilən proqramların xarakterinin dəyişdiyini də vurğulamışdır. Onun sözlərinə görə, əvvəllər sosialyönümlü layihələrə üstünlük verilirdisə, hazırda daha çox inkişaf, reabilitasiya yönümlü, məcburi köçkünlərin iş vərdişlərinin bərpasına yönəlmiş proqramlar hazırlanır. Bu proqramlar yerlərdə ardıcıl həyata keçirilir.