İDMAN
“QIZIL QRAN-PRİ” BEYNƏLXALQ TURNİRİNİN FİNAL MƏRHƏLƏSİNDƏ 42 ÖLKƏNİN İDMANÇILARI İŞTİRAK EDƏCƏK
AZƏRTAC xəbər verir ki, iyunun 23-də Bakıda, Heydər Əliyev adına İdman-Konsert Kompleksində sərbəst və yunan-Roma güləşi üzrə “Qızıl Qran-pri” beynəlxalq turnirinin final mərhələsində 42 ölkədən 200-ə yaxın pəhləvan 7 çəki dərəcəsi üzrə mübarizə aparacaqdır. Yarışları ABŞ-dan olan baş hakim Riçard Tutçinin rəhbərliyi ilə 30 nəfərdən ibarət hakimlər briqadası idarə edəcək. Həmin heyətdə beynəlxalq dərəcəli hakimlərimiz Xanmirzə Məlikəliyev, Hicran Şərifov və Qərib Əliyev də var.
Azərbaycanı bu yarışda 11 pəhləvan təmsil edəcəkdir. İyunun 23-də kişilər arasında yunan-Roma güləşi, iyunun 24-də qadınlar, iyunun 25-də isə kişilər arasında sərbəst güləş üzrə yarışlar keçiriləcəkdir. Qadınların turnirində təkcə Azərbaycan, Misir, İran və Qazaxıstan idmançıları iştirak etməyəcəklər.
Açılış mərasimi saat 17.00-da olacaqdır. Mərasimdə Beynəlxalq Güləş Federasiyaları Assosiasiyasının (FİLA) prezidenti Rafael Martinetti və milli güləş federasiyalarının prezidentləri iştirak edəcəklər.
Xatırladaq ki, birinci yerə görə 5 min, ikinci yerə görə 3 min, üçüncü yerə çıxanlara (iki nəfər) 1500 ABŞ dolları məbləğində pul mükafatı veriləcəkdir.