ELM VƏ TƏHSİL
QURBAN HƏSƏN OĞLU ƏLİYEV
Azərbaycan ictimaiyyətinə ağır itki üz vermişdir. Tanınmış ictimai xadim, Azərbaycan Respublikasının əməkdar həkimi, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, professor Qurban Həsən oğlu Əliyev 2008-ci il martın 30-da ömrünün 87-ci ilində vəfat etmişdir.
Qurban Əliyev 1921-ci il iyun ayının 22-də Rusiya Federasiyasının Zabaykalye vilayətinin Çita şəhərində anadan olmuşdur. 1932-ci ildə Əliyevlər ailəsi Bakıya köçdükdən sonra o, 1941-ci ildə 6 nömrəli məktəbi bitirmişdir. Qurban Əliyev həmin il Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutuna daxil olaraq, 1946-cı ilədək müalicə və profilaktika fakültəsində ali təhsil almışdır.
Əmək fəaliyyətinə 1946-cı ildə Xızı rayonunda kənd xəstəxanasında həkim kimi başlayan Qurban Əliyev 1948-1961-ci illərdə Tibb İşçiləri Həmkarlar İttifaqı Təşkilatının Respublika Komitəsində şöbə müdiri, məsul katib və sədr vəzifələrində işləmişdir. 1961-1971-ci illərdə Bakı şəhərində keçmiş 26 Bakı komissarı adına rayon partiya komitəsinin birinci katibi, 1971-1987-ci illərdə isə Azərbaycan Respublikasının ali və orta ixtisas təhsili naziri vəzifələrində çalışmışdır.
Qurban Əliyev fəaliyyət göstərdiyi bütün sahələrdə səriştəliliyi və peşəkarlığı ilə fərqlənmiş, yüksək təşkilatçılıq və dərin məsuliyyət nümayiş etdirərək, üzərinə düşən vəzifələrin öhdəsindən həmişə ləyaqətlə gəlmişdir. O, respublikamızın ictimai-siyasi həyatında yaxından iştirak etmiş, altı çağırış Azərbaycan Ali Sovetinin deputatı seçilmişdir.
Uzun illər boyu səmərəli elmi və pedaqoji fəaliyyətlə məşğul olan Qurban Əliyev 1959-cu ildə namizədlik dissertasiyası müdafiə edərək, tibb elmləri namizədi alimlik dərəcəsi almışdır. O, 1949-cu ildən etibarən davamlı olaraq respublikada tibb mütəxəssislərinin hazırlanması sahəsində çalışaraq, ömrünün son illərinədək Azərbaycan Dövlət Tibb Universitetində laborant, assistent, dosent və professor vəzifələrini tutmuşdur. Onun bütün bu dövr ərzində bacarıqlı səhiyyə təşkilatçısı kimi tibb sahəsində qabaqcıl təcrübənin öyrənilməsi və ölkəmizdə geniş tətbiq edilməsində böyük əməyi olmuşdur. Qurban Əliyev kurortologiya və tibb xidmətinin təşkilinə dair bir neçə monoqrafiyanın, elmi məqalə və metodik vəsaitlərin müəllifidir.
Qurban Əliyev on altı il ölkəmizin ali və orta ixtisas təhsili naziri işləyərək, təhsil sisteminin təkmilləşdirilməsində, təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsində, Azərbaycanda təhsilin iqtisadiyyatın və elmin inkişafına yönəldilməsində təqdirəlayiq xidmətlər göstərmişdir. O, gənclərimizin zəruri ixtisaslara yiyələnmələri üçün Azərbaycan rəhbərliyinin həyata keçirdiyi genişmiqyaslı proqramlarda fəal iştirak etmişdir.
Qurban Əliyevin xidmətləri layiqincə qiymətləndirilmişdir. O, 1966-cı ildə respublikanın əməkdar həkimi adına layiq görülmüş, bir sıra orden və medallarla təltif olunmuşdur. Qurban Əliyev Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü idi.
Tanınmış ictimai xadim və pedaqoq, bacarıqlı təhsil işçisi və xeyirxah insan Qurban Həsən oğlu Əliyevin əziz xatirəsi onu tanıyanların qəlblərində daim yaşayacaqdır.
Allah rəhmət eləsin!
İlham Əliyev, Artur Rasizadə,
Oqtay Əsədov, Ramiz Mehdiyev,
Elçin Əfəndiyev, Hacıbala Abutalıbov,
Mahmud Kərimov, Fatma Abdullazadə,
Misir Mərdanov, Oqtay Şirəliyev,
Şəmsəddin Hacıyev, Səttar Mehbalıyev,
Əhliman Əmiraslanov, Mirməmməd Cavadzadə,
Böyükkişi Ağayev, Ədilə Namazova,
Lidiya Rəsulova