Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

QÜVVƏDƏN DÜŞMÜŞ SƏNƏDLƏRİN DÖVLƏT REYESTRİNİN YARADILMASI HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tədbiq edilməsi barədə” 2006-cı il 2 avqust tarixli 438 nömrəli Fərmanının icrasını təmin etmək məqsədi ilə qərara alıram:
1. Qüvvədən düşmüş sənədlərin dövlət reyestri yaradılsın.
2. Müəyyən edilsin ki, Qüvvədən düşmüş sənədlərin dövlət reyestri Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi yanında Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri Xidməti tərəfindən aparılır.
3. “Qüvvədən düşmüş sənədlərin dövlət reyestrinin aparılması qaydası haqqında Əsasnamə” təsdiq edilsin.
4. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, iki ay müddətində:
4.1. Qüvvədən düşmüş sənədlərin dövlət reyestrinin yaradılması üçün texniki tapşırığın işlənilməsi, o cümlədən proqram təminatının hazırlanması və məlumat mübadiləsinin təmin edilməsi üçün maliyyə vəsaitinin ayrılması məsələsini həll etsin;
4.2. Bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
5. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Müdafiə Nazirliyi, Xarici İşlər Nazirliyi, Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Dəniz Administrasiyası Qüvvədən düşmüş sənədlərin dövlət reyestrinə daxil edilməli olan məlumatların Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi yanında Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri Xidmətinə ötürülməsini təmin etsinlər.
6. Bu Fərman dərc edildiyi gündən qüvvəyə minir.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 12 mart 2007-ci il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin