DÜNYA
Qabon ordusu radiostansiyanı ələ keçirən hərbçiləri dəstəkləmir
Bakı, 7 yanvar, AZƏRTAC
Qabon ordusu dövlət radiostansiyanı ələ keçirən və milli bərpa şurası yaradıldığını elan edən hərbçiləri dəstəkləmir.
AZƏRTAC xəbər verir ki, bu barədə RFI radiosunun Afrika şöbəsi Qabon Silahlı Qüvvələrindəki mənbəyə istinadla məlumat yayıb.
Bu gün səhər məlumat verilmişdi ki, bir qrup hərbçi Qabonun paytaxtı Librevildə radionu tutaraq ölkə prezidenti Əli Bonqo Ondimbanın hərəkətlərinin təəssüf doğurduğu və milli bərpa şurası yaradıldığı barədə bəyanat səsləndirib. Ordudakı mənbə bildirib ki, hakimiyyətə loyal qüvvələr ölkədə bütün strateji obyektləri nəzarətə götürüblər, radiostansiya isə mühasirəyə alınıb. Güc strukturları hələlik radionu ələ keçirən hərbçilərə qarşı qüvvə tətbiq etmir.
RFI radiosunun məlumatına görə, Librevildə atəş səsləri eşidilib. Şəhərdə internet və sosial şəbəkələr bağlanıb, bir neçə rayona elektrik enerjisi verilmir.
Qabon prezidenti Əli Bonqo Ondimba oktyabrın 24-dən Ər-Riyadda xəstəxanaya yerləşdirilmişdi. Onun insult keçirdiyi bildirilir. Hazırda 59 yaşlı prezidentin müalicəsi Marokkoda davam etdirilir.