İQTİSADİYYAT


Qala-Şüvəlan qəsəbələrarası avtomobil yolunun yenidən qurulması işləri icra olunur VİDEO

Bakı, 23 may, AZƏRTAC

Bakı şəhərində və onun qəsəbələrində rahat gediş-gəlişin təmin olunması məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən küçə və yolların təmiri istiqamətində tədbirlər davam etdirilir. Cari ilin “İnvestisiya Proqramı” çərçivəsində hazırda Xəzər rayonunda Qala-Şüvəlan qəsəbələrarası avtomobil yolunun yenidən qurulması işləri həyata keçirilir.

Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, Qala-Pirallahı avtomobil yolunun 8-ci kilometrindən başlayaraq Şüvəlan qəsəbəsinə qədər uzanan Qala-Şüvəlan avtomobil yolunun uzunluğu 5,2 kilometr, hərəkət hissəsinin eni isə ortalama 9 metr təşkil edir.

Yenidənqurma işləri çərçivəsində yolboyu frezlənmə, zəruri yerlərdə yararsız qruntun qazılaraq çıxarılması, əks-dolğu işləri icra olunaraq yeni yol yatağının salınması, yol əsasının inşası və 2 qat olmaqla asfalt-beton örtüyünün döşənməsi işləri aparılacaq.

Artıq yolun 1200 metrlik hissəsində bu işlər yekunlaşmaq üzrədir. Digər hissələrdə isə layihə ardıcıllığına uyğun şəkildə yenidənqurma işləri davam edir.

Layihəyə hər birinin eni 3,75 metr olmaqla 2 hərəkət zolağından ibarət yolda 1-1,5 metr enində çiyinlərin, 1800 metr yeni səki daşlarının tikintisi, 2745 kvadratmetr sahədə səkinin bərpa olunması işləri də daxildir.

Bundan başqa, yolboyu avtonəqliyyat vasitələrinin normal hərəkətinin təmin edilməsi üçün üfüqi nişanlanma xətlərinin çəkilişi işlərinin aparılması, zəruri yerlərdə yol nişanlarının quraşdırılması, yeraltı kommunikasiya xətlərinin baxış qapaqlarının yenilənməsi və layihə hündürlüyünə qaldırılması, həmçinin yeni yağış barmaqlıqlarının quraşdırılması da nəzərdə tutulub.

Qeyd olunub ki, cari ilin “İnvestisiya Proqramı”na uyğun olaraq Xəzər rayonunun Mərdəkan, Binə, Buzovna, Qala və Zirə qəsəbələri ərazisində ümumi uzunluğu 26,5 kilometr küçə və yolun təmiri nəzərdə tutulur, artıq bu istiqamətdə müvafiq işlərə start verilib.

2021-ci ilin “İnvestisiya Proqramı”na uyğun olaraq isə rayonun Binə, Buzovna və Qala qəsəbələrində ümumi uzunluğu 16,3 kilometr olan küçə və yolların təmiri işləri aparılıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.