CƏMİYYƏT
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsi 11 santimetr artıb
Bakı, 20 noyabr, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 110-140, Kiçik Qafqazın çaylarında 80-140, Lənkəran-Astara bölgəsi çaylarında 60-150, Naxçıvan Muxtar Respublikası çaylarında isə 160 faizini təşkil edir.
Departamentdən AZƏRTAC-a bildirilib ki, noyabrın 20-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 4 santimetr azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi saniyədə 150 kubmetr olmaqla ongünlük normanın 85 faizini təşkil edir. 2016-cı ildə isə bu rəqəm saniyədə 215 kubmetr təşkil etməklə ongünlük normanın 122 faizinə bərabər olub.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 11 santimetr artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi saniyədə 51 kubmetr olmaqla ongünlük normanın 60 faizini təşkil edir. Ötən il isə bu göstərici saniyədə 106 kubmetr təşkil edərək ongünlük normanın 124 faizinə bərabər olub.
Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Şirvan məntəqəsində 4, Salyanda 7, Bankədə 6 santimetr azalma, Surrada 2, Araz çayının Novruzlu məntəqəsində 10 santimetr artım qeydə alınıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 369 (2016-cı il noyabrın 20-də 461 sm), Şirvanda 253, Salyanda 210 (2016-cı il noyabrın 20-də 300 sm), Bankədə 191 (2016-cı il noyabrın 20-də 245 sm), Araz çayının Novruzlu məntəqəsində isə 100 santimetr (2016-cı il noyabrın 20-də 168 sm) təşkil edir.