CƏMİYYƏT
Qanunun aliliyi hər şeydən üstündür və kimliyindən asılı olmayaraq hər kəs qanun qarşısında bərabərdir
Bakı, 22 avqust, AZƏRTAC
Hər birimiz qanunlara riayət etməliyik.
AZƏRTAC xəbər verir ki, bu fikri KİV-ə açıqlamasında Milli Məclisin deputatı Eldar Quliyev AMEA-nın prezidenti Ramiz Mehdiyevin kürəkəni sabiq deputat İlham Əliyevin karantin vaxtı övladına toy etməsinə münasibət bildirərkən deyib.
Deputat qeyd edib ki, ölkəmizdə artıq 7-ci aydır ki, pandemiya səbəbindən karantin elan olunub: “Milli Məclis pandemiya dövründə qanunlar qəbul edib. Pandemiyanın qarşısını almaq üçün tədbirlər görülüb və qanunlar qəbul olunub. Nazirlər Kabinetində Baş Nazirin rəhbərliyi ilə Operativ Qərargah yaradılıb. Hər gün insanlara COVID-19-la bağlı məlumatlar verilir. Kimliyindən asılı olmayaraq heç kəs toy, nişan, yas mərasimləri keçirə bilməz”.
Eldar Quliyev deyib ki, belə bir toyu sıravi vətəndaşın deyil, tanınmış və savadlı şəxslərin etməsi yolverilməzdir. Tanınmış ziyalıların karantin müddətində toy etməsi qəbuledilməzdir: “Bu hadisəni qınayıram. Eyni zamanda, bəzi deputat yoldaşlarımın da toyda iştirak etməsinə təəssüf edirəm. Dövlətin öz qanunları var. Hər birimiz o qanunlara riayət etməliyik. Qanunda da göstərilib ki, qaydaları pozanlar cəzalandırılmalıdır. Unutmayaq ki, qanun şahdır, şah qanun deyil. Artıq toy edən valideynlər qanun qarşısına çıxaraq cəzalandırılıblar”.
Deputat vurğulayıb ki, ölkə Prezidenti və Birinci vitse-prezident insanların sağlamlığının qorunması məsələsini daim diqqət mərkəzində saxlayır və bu istiqamətdə xeyli işlər görülür. “Deputat parlamentdə seçiciləri təmsil edir. Biz seçicilərimizə nümunə olmalıyıq. Biz deputatlar seçilmiş insanlarıq. Hər birimiz ali təhsilli, savadlı, ziyalı şəxslərik. Biz hər kəsin qarşısında nümunəvi addımlarımızla seçilməliyik. Göstərməliyik ki, dövlətin qanunu hər şeydən üstündür. Dövlət bu qanunu qəbul edibsə biz o qanunlara birmənalı olaraq əməl etməliyik”, - deyə Eldar Quliyev bildirib.