REGİONLAR
“Qarabağ” komandası muxtar respublika birincisi olub
Naxçıvan, 16 may, AZƏRTAC
Naxçıvan şəhərindəki Gənclər Mərkəzində yeniyetmələr arasında “Xəmsə” milli intellektual oyunu üzrə muxtar respublika birinciliyinin final mərhələsi keçirilib. Gənclər və İdman, Təhsil nazirlikləri və “Gənclərin İntellektual İnkişaf Mərkəzi” İctimai Birliyi tərəfindən birgə təşkil olunan yarışmada şəhər və rayon mərhələlərinin qalibləri olmaqla, 8 komanda iştirak edib.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, yekun nəticələrə əsasən, Kəngərli rayonunu təmsil edən “Qarabağ” komandası muxtar respublika birincisi adına layiq görülüb. Naxçıvanın “Çinar” komandası ikinci, Sədərək təmsilçisi “Dəmir Yumruq” isə üçüncü sırada qərarlaşıb.
Komandalar kubok, diplom, fəxri fərman və oxunması zəruri olan kitablarla təltif olunublar.
İntellektual oyunun keçirilməsində məqsəd gənc nəslin dünyagörüşünü, zehni inkişafını stimullaşdırmaq, onların asudə vaxtlarını səmərəli təşkili etməkdən ibarətdir.