İDMAN
“Qarabağ” komandası səfərdə “Qəbələ”yə qalib gəlib
Bakı, 11 noyabr, Nicat Məmmədov, AZƏRTAC
Noyabrın 11-də Azərbaycan Premyer Liqasının növbəti turunun oyunu keçirilib.
AZƏRTAC xəbər verir ki, turun mərkəzi qarşılaşması Qəbələ şəhər stadionunda oynanılıb. Son çempion “Qarabağ” səfərdə “Qəbələ”nin qonağı olub. Oyunda hesabı “Qəbələ”nin oyunçusu Ceyms Adeniyi açıb - 1:0. Fasiləyə qədər hesab dəyişməyib.
Qarşılaşmanın ikinci hissəsinin ilk dəqiqələrində irəli atılan ağdamlılar matçın 47-ci dəqiqəsində hesabı bərabərləşdiriblər. İnnosent Emeqara adını tabloya yazdırıb - 1:1. Oyunun 64-cü dəqiqəsində Qurban Qurbanovun yetirmələri hesabda önə çıxıb. Belə ki, müdafiəçilərin qaytardığı topu Miçel dəqiq zərbə ilə tamamlayıb - 1:2. Oyunda son nöqtəni isə yenidən “Qarabağ” qoyub. Filip Ozoviç az sonra fərqlənmiş Miçelin ötürməsini qola çevirib - 1:3.
Beləliklə, oyun ağdamlıların 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Bu qələbədən sonra “Qarabağ” xallarının sayını 23-ə çatdıraraq lider “Neftçi”dən üç xal geri qalır. Noyabrın 10-da “flanqman” autsayder “Zirə” ilə oyunda xal itirib (2:2).
Xatırladaq ki, 11-ci tura “Sabah” - “Səbail” oyunu ilə start verilmişdi. Görüş “Səbail”in 4:0 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, 11-ci tura hal-hazırda oynanılan “Sumqayıt” - “Keşlə” oyunu ilə yekun vurulacaq.