CƏMİYYƏT
“Qarabağa dönüş” İctimai Birliyi Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı videomüraciət yayıb
Bakı, 1 iyun, AZƏRTAC
“Qarabağa dönüş” İctimai Birliyi (İB) 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı videomüraciət yayıb.
İctimai Birliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, müraciət Azərbaycan və ingilis dillərində hazırlanıb. Təşkilatın rəhbəri, deputat Tural Gəncəliyev müraciətdə münaqişə bölgələrində uşaqların acınacaqlı həyat şəraitindən danışıb. Ermənistanın ölkəmizə hərbi təcavüzü nəticəsində minlərlə azərbaycanlı uşağın həyatının alt-üst olduğu, yüzlərlə uşağın, təkcə Xocalı soyqırımı zamanı 63 azyaşlının həyatını itirdiyi müraciətdə əksini tapıb. Həmçinin qeyd olunub ki, Ermənistan 30 il ərzində beynəlxalq konvensiyaların müvafiq tələblərini pozaraq əsir götürdüyü azərbaycanlı uşaqların taleyi ilə bağlı heç bir məlumat verməyib.
Bildirilib ki, 44 günlük Vətən müharibəsindən sonra bölgədə yeni reallıqların yaranmasına baxmayaraq, Ermənistan bu gün də azyaşlı uşaqlardan alət kimi istifadə edərək erməni uşaqları azərbaycanlılara qarşı etnik nifrət hissi ilə böyüdür.
Müraciətin sonunda T.Gəncəliyev uşaqların gələcəyi naminə Ermənistanı terrorçu əməllərdən uzaq durmağa çağırıb.