CƏMİYYƏT
Qarabağda yaşayan erməni əhalisinin Azərbaycana reinteqrasiyasına separatçı rejim mane olur – Hərbi ekspert

Bakı, 3 iyun, AZƏRTAC
Qarabağda yaşayan erməni əhalisinin Azərbaycana reinteqrasiyasına birmənalı olaraq separatçı rejimin mövcudluğu və onun Ermənistan tərəfindən maddi cəhətdən dəstəklənməsi mane olur. Bu maliyyə dəstəyi həm əsgər, həm silahlı təchizat, həm nağd pul vəsaiti şəklindədir. Bu təchizat Qarabağa nəqliyyat vasitəsilə Rusiya sülhməramlı qüvvələrinin Azərbaycan ərazilərindəki kontingentinin müşayiəti ilə təmin edilir. Bunun qarşısını almalıyıq. Çünki Rusiya sülhməramlı kontingentinin erməni daşınmalarına kuryerlik etməsi, mövqelər arasında gediş-gəliş, aksiyalar keçirilənədək Ermənistandan Qarabağa hərbi kolonlarla daşınılan silahları indi separatçılar tərəfindən ermənilərin yerləşdiyi mövqelərə paylanılır. Nəzərə alsaq ki, Vətən müharibəsindən sonra 25 ay ərzində Qarabağda intensiv döyüş əməliyyatları getməyib, onda anbarlara yığılan silah-sursatların hazırda hələ də Qarabağda toplandığı məlum olur.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev söyləyib.
O qeyd edib ki, peyk görüntülərdən əldə edilən məlumata görə, Qarabağ ərazisində təxminən köhnə texnikalar, yük maşınları, zirehli nəqliyyat vasitələri, hava hücumundan müdafiə sistemləri qalıb. Rusiya sülhməramlı kontingenti onları oradan çıxarmalıdır. Ermənilərin reinteqrasiyasına mane olan daha bir məsələ Rusiya kontingentinin onun nəzarətində olan Xocalıdan, Xankəndindən erməni silahlılarının ərazidən çıxarılmasına dair qrafiki ortaya qoymamasıdır. Ermənistan iyirmi günə üç rayonu - Ağdam, Laçın və Kəlbəcəri boşaldığı kimi hansı ərazini, nə vaxt boşaldacağına dair ona qrafik qoyulmalıdır. Həmin qrafik elan olunandan sonra biz orada erməni quldurlarının silahını yerə qoyduğunu da görəcəyik. Rusiya sülhməramlı kontingenti bu gün erməni silahlısının Qarabağda qalmasına zəmanət verən yeganə qüvvədir.
Onun sözlərinə görə, Rusiya sülhməramlı kontingenti tərəfindən həyata keçirilən bu cür fəaliyyətlər Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanan üçtərəfli Bəyanatın müddəalarının icrası ilə bağlı üzərilərinə düşən vəzifə borclarının yerinə yetirilməməsidir. Amma bu işlər Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində artıq sona çatır. Biz sərhəd-buraxılış məntəqəsi qurulana qədər təmkinli ola bilirdik. Növbəti addım erməni silahlıların çıxarılmasıdır. Onlar çıxarılmayınca ora bizim vətəndaşların qayıtması, dövlət qurumlarının yerləşməsi çətin olacaq. Biz həmin ərazilərə getmək üçün kimdənsə icazə almamalıyıq.
Biz bu daşınmaları hazırda da görürük. Həmin daşınmalar Azərbaycan ərazisində Qarabağda erməni mövqelərə doğru aparılır. Eyni zamanda, Ermənistan silahlı qüvvələri müxtəlif istiqamətlərdə atəşkəsi tez-tez pozurlar. Həmçinin yeni səngərlər qazılır. Bu daşınmaların qarşısının qətiyyətlə alınması barədə Azərbaycanın müdafiə naziri keçirdiyi son toplantılarda müvafiq göstərişlər verib. Erməni silahlısı artıq terrorçudur. Bir ölkənin suveren ərazilərində kimsə silahı yerə qoyub təslim olmursa və dövlət quruluşuna çıxırsa, o artıq legitim hədəfdir. Bu, beynəlxalq hüquqda da belədir. Separatizmin sonu olmalıdır. Artıq erməni terrorçularının zərərsizləşdirilməsi zamanı yetişib.
Ədalət Verdiyev deyib ki, bu gün təhlükəsizlik məsələsi Ermənistan üçün daha aktualdır. Çünki həm Vətən müharibəsində, həm də ondan sonra şərti sərhəddə baş vermiş toqquşmalar zamanı və Rusiya sülhməramlı qüvvələrinin nəzarətində olduğu Qarabağ iqtisadi rayonu ərazisində Azərbaycan Ordusu bir neçə əməliyyat keçirib. Bunların heç birində Ermənistan hər hansı uğur əldə etməyib. Bu o deməkdir ki, Qarabağ ərazisində qalan erməni terrorçuları hazırda potensial fəraridirlər. Çünki həmin əməliyyatların heç birində erməni tərəfi qarşımızda ciddi müqavimət göstərə bilmədi. Bu cəhdlərin önü əvvəlcədən preventiv tədbirlərlə alındı. Nəticə etibarı ilə bu gün Ermənistan adlı qondarma dövlətin təhlükəsizlik konsepsiyası tamamilə çökmüş vəziyyətdədir.
“Bizim gündəliyimiz sülh gündəliyidir. Vətən müharibəsi başa çatan kimi ilk sülh təklifini Azərbaycan verdi. Amma qonşu ölkənin bu istiqamətdə müsbət addımı yoxdur. Belə ki, ermənilər atəşkəsi həm şərti sərhəddə, həm də Qarabağda dəfələrlə pozurlar. Beləliklə, sülh müqaviləsini imzalamaqdan yayınan müharibə cinayətkarları sərhəddə təxribat törətməklə məşğuldurlar. Dəfələrlə bəyan edildiyi kimi ermənilər Qarabağda Azərbaycan pasportu ilə yaşaya bilərlər. Onlarla heç kimin işi yoxdur. Amma əgər Ermənistan sülh müqaviləsi, o cümlədən delimitasiya istəmirsə, o zaman bu baş tutmayacaq.
Digər tərəfdən Ermənistanın yaşayış məntəqələri bu gün əsgərlərimizin gözü önündədir. Bu halda danışıqlar masasında da dövlətimizin başçısının yaratdığı yeni reallıqlar, həmin ərazidə baş verən proseslər Prezident İlham Əliyevin Azərbaycanın mövqeyini kifayət qədər ciddi şəkildə müdafiə etməyə və onu inkişaf etdirməyə imkan yaradır. Brüsseldə keçirilmiş beştərəfli qeyri-rəsmi görüşü bu baxımdan irəliyə doğru addım kimi dəyərləndirmək olar. Çünki görüş pozitiv müstəvidə keçdi. Bu görüşlərdə də əsasən bir daha sülh müqaviləsi üzrə danışıqların intenstivləşdirilməsinin vacibliyi qeyd olundu. Qərara alındı ki, Brüsseldə iyulun 21-də növbəti dəfə üçtərəfli görüş keçiriləcək. Bu müddətdə isə Vaşinqtonda xarici işlər nazirləri sülh müqaviləsi ilə bağlı əsas danışıqları aparacaq”, - deyə ekspert bildirib.