REGİONLAR


Qarabağın ən səfalı yerlərindən olan Abdal və Gülablı kəndləri ağ libasa bürünüb FOTO VİDEO

Ağdam, 22 yanvar, Tahir Ağaməmmədov, AZƏRTAC

Abdal və Gülablı kəndləri Qarabağın ən səfalı yaşayış məskənlərindəndir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Ağdam şəhərindən 18 kilometr məsafədə Qarabağ silsiləsinin şimal ətəklərində yerləşən bu kəndlərin adları həmişə qoşa çəkilib. Füsunkar təbiəti, saf havası, sərin bulaqları, zümrüd meşələri, şəfalı bitkiləri olan Abdal-Gülablı ərazisində işğaldan əvvəl sanatoriya da fəaliyyət göstərirdi.

Abdal və Gülablı kəndlərini Qarabağın digər yaşayış məntəqələrindən fərqləndirən əsas cəhət burada muğamla yanaşı, aşıq musiqisinin də inkişaf etməsi idi. Aşıq Valeh, Aşıq Xaspolad, tarzən Qurban Pirimov, gitara ifaçısı Rafiq Hüseynov, xanəndələrdən Səxavət Məmmədov, Firuz Səxavət Abdal-Gülablı kəndinin yetirmələridir. Məşhur “Nənə-qızlar” ansamblı da bu kənddə fəaliyyət göstərirdi.

Ağdam rayonunun ən inkişaf etmiş Abdal və Gülablı kəndlərində iki orta məktəb, musiqi məktəbi, mədəniyyət evi, tibb məntəqəsi, iki məscid, sanatoriya kompleksi var idi. 1992-ci ildə Ermənistan silahlı bölmələri tərəfindən işğal edilən bu kəndlərdə yaşayış evləri, sosial obyektlər və məscidlər talan edilərək dağıdılıb. Məktəb binası isə hərbi hissə kimi istifadə olunub. Son illərdə Abdal və Gülablı kəndlərində ermənilərin məskunlaşması həyata keçirilib. Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistanın baş nazirinin noyabrın 10-da imzaladığı birgə Bəyanata uyğun olaraq Ağdam rayonunun digər əraziləri kimi, Abdal və Gülablı kəndləri də Ermənistan ordusu tərəfindən tam boşaldılıb.

Abdal və Gülablı kəndləri yaz-yay fəsillərində olduğu kimi, qış mənzərələri ilə də göz oxşayır. Ağ libasa bürünmüş kəndlərin qış görüntülərini təqdim edirik.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.