CƏMİYYƏT
Qaradağ Rayon İcra Hakimiyyətində aztəminatlı əlil sakinlərlə görüş olub
Bakı, 4 dekabr, AZƏRTAC
Qaradağ Rayon İcra Hakimiyyətində Beynəlxalq Əlillər Günü münasibətilə rayonun aztəminatlı əlil sakinləri ilə görüş keçirilib. Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Təranə İsmayılova və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
İcra hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə Beynəlxalq Əlillər Gününün yaranma tarixindən danışan T.İsmayılova ölkəmizdə bu tarixin qeyd olunmasını ulu öndər Heydər Əliyevin əhalinin xüsusi qayğıya ehtiyacı olan təbəqəsinə göstərilən yüksək qayğının nəticəsi kimi qiymətləndirib. Bildirilib ki, bu günün qeyd olunmasında əsas məqsəd ictimaiyyətin diqqətini əlillərin problemlərinə yönəltməklə onların ehtiyaclarını, tələblərini yerinə yetirmək, maddi və mənəvi yardım göstərməkdir.
Sonra Qaradağ rayon gözdən əlillər cəmiyyətinin sədri Cəlaləddin Bayramov əlillər adından göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə və rayon icra hakimiyyətinə minnətdarlığını bildirib.
Görüşün sonunda Qaradağ rayonu ərazisində yaşayan 100 aztəminatlı ailəyə rayon icra hakimiyyəti tərəfindən ərzaq yardımı verilib.