CƏMİYYƏT
Qaradağ rayonunda 17 kiloqramadək narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb VİDEO
Bakı, 18 yanvar, AZƏRTAC
Qaradağ Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbiri nəticəsində külli miqdarda narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, yanvarın 15-də Bakı-Qazax yolunun 36-cı kilometrliyində Sahil qəsəbəsi ərazisindəki Yol Patrul Xidməti postunda Bakı şəhər sakini olan T.Kərimovun idarə etdiyi “Mitsubishi” markalı avtomobil nəzarət qaydasında saxlanılıb.
Onun sərnişini paytaxt sakini Andrey Fomenkonun üzərinə baxış keçirilən zaman 6,427 qram marixuana aşkarlanaraq götürülüb. Saxlanılan şəxsin çantasına baxış zamanı oradan 16 kiloqram 250 qram marixuana və 470 qram heroin aşkar edilib.
Faktla bağlı saxlanılan şəxs barəsində Qaradağ Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Əməliyyat və istintaq tədbirləri davam etdirilir.