CƏMİYYƏT
Qardaşını qəsdən öldürməkdə təqsirləndirilən şəxslə bağlı cinayət işi məhkəməyə göndərilib
Bakı, 16 fevral, AZƏRTAC
Ötən il iyulun 1-də saat 07 radələrində Qəbələ rayonunun Vəndam qəsəbəsi ərazisində Rəhimov Azər Vəli oğlunun qəsdən öldürülməsi, oğlu Çingiz Rəhimovun və bacısı oğlu Dünyad Süleymanovun qəsdən öldürülmələrinə cəhd edilməsi faktı üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə Qəbələ Rayon Prokurorluğunda cinayət işi başlanaraq istintaq aparılıb.
Qəbələ Rayon Prokurorluğunun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, cinayət işi üzrə müvafiq ekspertizalar təyin edilib, hadisə yerinə və meyitə baxış keçirilib, maddi sübutlar götürülüb, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
İstintaqla qeyd edilən tarixdə Rəhimov Ramil Vəli oğlunun “Su Tayı” adlanan istirahət mərkəzinin ərazisinə gələrək orada olan qardaşı Azər Rəhimovla həmin mülk üstündə mübahisə edərək ov tüfəngindən sonuncunun kürək nahiyəsinə atəş açaraq qəsdən öldürməsinə, daha sonra eyni istiqamətdə qaçan bacısı oğlu Dünyad Süleymanovun arxası ilə gedərək ona doğru da atəş açmasına, Dünyad Süleymanov və Çingiz Rəhimovun vaxtında açılan atəşlərdən yayınmaqla hadisə yerindən uzaqlaşdıqlarına görə və ərazinin meşəlik olduğundan atəşlərin dəqiq şəxsə tuşlanmasına maneə törətməsindən Ramil Rəhimovun bilavasitə öz iradəsindən asılı olmayan səbəblərdən niyyətini başa çatdıra bilməyərək Dünyad Süleymanovu və Çingiz Rəhimovu qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyənləşdirilib.
Rəhimov Ramil Vəli oğlu təqsirləndirilən şəxs qismində cəlb olunub. Ona Cinayət Məcəlləsinin 120.2.4-cü, (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) 29, 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd) və 29, 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürməyə cəhd) maddələri ilə ittiham elan edilib və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.