MƏDƏNİYYƏT
“Qatil” VI Avropa Film Festivalında nümayiş olunacaq
Bakı, 31 oktyabr, AZƏRTAC
Xəbər verdiyimiz kimi, “Park Cinema” kinoteatrlar şəbəkəsinin və Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin təşkilatçılığı ilə həyata keçən VI Avropa Film Festivalına Bakı ev sahibliyi edir. Festivalda təmsil olunan 16 ölkənin istehsalı olan filmlərlə yanaşı, Azərbaycanda çəkilən ekran əsəri də nümayiş olunacaq.
“Park Cinema” kinoteatrlar şəbəkəsindən AZƏRTAC-a bildirilib ki, festivalda ölkəmizi rejissor Kamran Şahmərdanın lentə aldığı “Qatil” bədii filmi təmsil edəcək. Noyabrın 5-də nümayiş olunacaq psixoloji dram janrında çəkilən bu yeni ekran əsərinin ssenari müəllifi Xalq Yazıçısı Elçin, quruluşçu operatoru Mixail Maqalaşvili, quruluşçu rəssamı Rəşad Mehdiyev, icraçı prodüseri Azər Quliyev, prodüseri Müşfiq Hətəmovdur. Filmdə baş rolları Eka Çxeidze və Apollon Kublaşvili canlandırıblar.
Qeyd edək ki, noyabrın 6-dək davam edəcək festival çərçivəsində tamaşaçılara komediya, dram, fantastika, macəra janrlarında bədii filmlərlə yanaşı, həm də animasiya və sənədli ekran əsərləri də təqdim olunacaq.